Çernobıl qəzası iştirakçıları ilə görüş
Tədbirdə Azərbaycan Çernobıl Əlilləri Birliyi Salyan rayon təşkilatının sədri R.İbrahimov və Çernobıl veteranları qəzanın aradan qaldırılmasında iştirak edən yüzə yaxın salyanlının göstərdiyi fədakarlıq və igidlikdən danışmışlar. Çernobılçı könüllülərin hamısı sonradan II qrup Çernobıl əlili statusu almış, dövlət qayğısı ilə əhatə olunmuşlar.
Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə yenidən hakimiyyətə qayıtdıqdan sonra Çernobıl iştirakçılarına göstərilən qayğı və diqqət daha da artırılmış, bu sahədə iki Prezident sərəncamı imzalanmışdır. Bu dövlət qayğısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Onların mənzil və məişət şəraiti yaxşılaşdırılır, müalicələri üçün şərait yaradılır.
Tədbirdə qeyd edilmişdir ki, ötən il Salyan rayonunda yaşayan bir nəfər Çernobıl faciəsi əlilinə yeni mənzil verilmiş, bir nəfər isə əlil arabası ilə təmin edilmişdir.
Görüşdə iştirak edən Çernobıl iştirakçıları göstərilən diqqətə görə öz təşəkkürlərini bildirmiş, həmçinin onları narahat edən məsələlərin həlli ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısına müraciət etmişlər.
Görüşə yekun vuran Tahir Kərimov veteran çernobılçıları diqqətlə dinlədiyini bildirmiş, onlara dövlət tərəfindən göstərilən diqqət və qayğının daha da artırılacağından danışmış, həmçinin bu qrup insanların mənzil növbəsinə dayanması və digər sosial məsələlərinin həlli istiqamətində lazım olan bütün işlərin icra olunacağını vurğulamışdır.
.