Çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salınması ilə əlaqədar tədbir keçirilmişdir
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin
Salyan rayon şöbəsində çağırışçı gənclərin hərbi xidmətə təntənəli
yola salınması ilə əlaqədar tədbir keçirilmişdir
10 oktyabr 2018-ci il tarixində “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2018-ci il tarixli 465 nömrəli Sərəncamının icrası ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsində çağırışçı gənclərin hərbi xidmətə təntənəli yola salınması ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin nümayəndələri, müharibə veteranları, ictimaiyyət nümayəndələri, çağırışçılar və onların valideynləri iştirak etmişlər.
Təntənəli yolasalma mərasimində rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin qayğısı ilə Azərbaycan Ordusunun hazırda regionun ən güclü ordusuna çevrildiyini və istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır olduğunu bildirmiş, hərbi xidmətə gedən gənclərə uğurlu yollar arzulamışdır.
Tədbirdə çıxış edənlər çağırışçı gəncləri hərbi xidmətə getmələri münasibətilə təbrik etmiş, vətənə borclarını sədaqətlə yerinə yetirərək sağ-salamat ailələrinə dönmələrini arzulamışlar.