Salyanda soyqırım qurbanlarının xatirəsi yad edildi
Martın 29-da Salyan şəhərindəki 31 Mart – Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış kompleksin önü yenə də izdihamlı idi. Rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, əmək kollektivləri, ictimaiyyətin nümayəndələri buraya gələrək 1918-ci ilin mart günlərində ermənilərin azərbaycanlılara qarşı göstərdiyi qətliamda həlak olmuş həmvətənlərinin unudulmaz xatirəsi qarşısında öz ehtiramlarını ifadə etmişlər.
Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında Şuranın üzvləri, idarə, müəssisə və təşkilatların kollektivləri soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə tər gül-çiçək dəstələri qoymuş, onları ehtiramla yad etmişlər.
Bundan sonra RİH başçısı Tahir Kərimov və tədbir iştirakçıları rayonda ucaldılmış türk əsgərlərinin xatirə memorialına gəlmişlər. 1918-ci ildə Salyanın müdafiəsi uğrunda döyüşlərdə həlak olmuş türk əsgər və zabitlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Bundan sonra məzarların önünə tər qərənfillər düzülmüşdür.
31 Mart – Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar rayonda silsilə tədbirlər həyata keçirilmişdir.