“Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi keçirilmişdir
Salyan rayonunda Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə “Qurtuluşdan tərəqqiyə - 25 il” mövzusunda zona müşavirəsi keçirilmişdir
İyunun 11-də Salyan rayon Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin təşkilatçılığı ilə “Qurtuluşdan tərəqqiyə-25 il” mövzusunda zona müşavirəsi keçirilmişdir.
Müşavirədə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin sədri Seymur Orucov, Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatın məsul işçisi Ramil Mirzəyev, Neftçala, Biləsuvar, Şirvan, Hacıqabul, Saatlı, Sabirabad, İmişli, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının Yeni Azərbaycan Partiyası rayon təşkilatlarının Gənclər Birliklərinin sədrləri və partiyanın fəal gəncləri iştirak etmişlər.
Müşavirə iştirakçıları öncə Ümummilli liderimiz Heydər Əliyev adına Parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüşlər. Müşavirə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır. Heydər Əliyev Mərkəzinin konfrans zalında təşkil olunan zona müşavirəsini giriş sözü ilə açan YAP Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov 1993-cü ilin 15 iyun tarixinin – Milli Qurtuluş Gününün xalqımız və dövlətimiz üçün tarixi əhəmiyyətindən bəhs etmiş, həmin dövrdə Ulu öndər Heydər Əliyevin Azərbaycanda başladığı böyük quruculuq işlərinin bugün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
YAP rayon təşkilatları Gənclər birliklərinin sədrləri və üzvləri çıxışlarında Milli Qurtuluş Gününün Azərbaycanın ən yeni tarixinə qızıl hərflərlə yazılan ümumxalq bayramına çevrildiyini vurğulamışlar. Qeyd etmişlər ki, bu günlərdə ötən əsrin 90-cı illərində yaşanan hadisələr xatırlanır, Ulu Öndər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri, müstəqilliyimizin qorunub saxlanılması, möhkəmləndirilməsi, dövlət quruculuğu sahəsindəki titanik fəaliyyəti bir daha təhlil edilir, öyrənilir. YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış edərək Azərbaycanda ötən əsrin 90-cı illərində yaşanan ağır durumdan, ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, qurtuluş tarixi üzərində bərqərar olan dövlət siyasətinin təntənəsindən danışmışdır.
Çıxışlarda vurğulanmışdır ki, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi, beynəlxalq siyasi nüfuzu, dövlətimizin başçısına ümumxalq məhəbbəti sayəsində daha böyük uğurlara, yeni-yeni zirvələrə doğru inamla addımlayır.