Salyanda Novruz şənlikləri
Mart ayının 14-də Salyan rayonunda xalqımızın milli ruhunu və yaddaşını bütün zənginliyi ilə özündə birləşdirən Novruz bayramı münasibətilə bayram tədbirləri keçirildi.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovu, RİH başçısı yanında şuranın üzvlərini və qonaqları Salyan Dövlət Kukla Teatrının qarşısında baharın rəmzi olan bahar qızı, kosa, keçəl qarşılayaraq "Cəngi" ansamblının sədaları altında salamladılar, xoş arzularını bildirdilər.
RİH başçısı Tahir Kərimov rayonun ağsaqqalları, ağbirçəkləri, ziyalıları ilə görüşərək onları bu əlamətdar gün münasibətilə təbrik etdi. RİH başçısı rayonun qabaqcıl pedaqoqları ilə görüşdükdən sonra rayonumuzun uşaq bağçalarının balaca fidanlarını Novruz bayramı münasibətilə təbrik etdi. .
Salyan Dövlət Rəsm Qalereyası şagirdlərinin çəkdikləri Novruza, bahara aid rəsm əsərləri ilə tanışlıqdan sonra RİH başçısı Tahir Kərimov "Babək" kinoteatrının qarşısındakı tonqalı alovlandırdı. Rayonun mədəniyyət ustaları bir-birindən maraqlı konsert nömrələri ilə çıxış etdilər. Əllərində Azərbaycanın Dövlət bayrağı olan gənclər halay vuraraq birlik və həmrəylik rəmzi olan "Yallı" rəqsini ifa etdilər