Salyan rayonunun Kürsəngi kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
Salyan rayonunun Kürsəngi kəndinə təbii qazın
verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
10 fevral 2018-ci il tarixində dövlət başçısının tapşırığına əsasən Salyan rayonunun növbəti yaşayış məntəqəsi- 4630 nəfər əhalisi olan Kürsəngi kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək qeyd etmişdir ki, hal-hazırda Azərbaycanın bütün bölgələrində olduğu kimi, Salyan rayonunda da inkişaf yüksək səviyyədə gedir. Bu gün rayonun Kürsəngi kəndinə təbii qazın verilməsi təmin olunmuşdur. Kəndin bütün əhalisinin mavi yanacaq ilə təmin olunması bütün regionlarımızda dövlətimiz tərəfindən həyata keçirilən modern inkişaf və müasirləşmə imkanlarının sübutudur və əhaliyə dövlət qayğısının bariz nümunəsidir. Natiq vurğulamışdır ki, ümumilikdə 936 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 76 min 244 metr olan müxtəlif diametrli polad borularla daşıyıcı, həmçinin məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.
Açılışda çıxış edən Əkbər Hacıyev bu əlamətdar hadisə münasibətilə kənd sakinlərini təbrik etmiş, son illər ölkənin hər yerində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülmüş məqsədyönlü tədbirlərdən danışmışdır. Qeyd etmişdir ki, təbii qaz almayan yaşayış məntəqələrinin sürətli templərlə “mavi yanacaq”la təmin olunması xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edir. Ölkə Prezident cənab İlham Əliyevin ölkənin qazlaşdırılması proqramının icrasını daim diqqət mərkəzində saxladığını bildirən birliyin baş direktoru bu sahədə həyata keçirilən işlərin bundan sonra da davam etdiriləcəyini vurğulamışdır. Çıxış edən kənd sakinləri kəndə təbii qazın verilməsinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər. Daha sonra yaşayış məntəqəsinə təbii qazın verilməsini bildirən rəmzi məşəli alovlandıran “Azəriqaz”ın baş direktoru yaxınlıqdakı evlərdən birinin mətbəxində olmuş, ev sahiblərini təbrik etmiş, əhalinin qazla davranış və təhlükəsizlik qaydaları üzrə maarifləndirilməsi işləri ilə maraqlanmışdır.