Salyan rayonunun 5 kəndində əhali içməli su ilə təmin edilib.
Salyan rayonunun 5 kəndində əhali içməli su ilə təmin edilib.
“Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli Sərəncamına uyğun olaraq Salyan rayonunda həyata keçirilən layihə uğurla yekunlaşmışdır. Layihə çərçivəsində rayonun 5 kəndində yeni içməli su təchizatı infrastrukturu yaradılmışdır.
Yeni su təchizatı sistemlərinin istismara verilməsi münasibətilə 22 dekabr 2017-ci il tarixində Salyan rayonunun Quyçu kəndində açılış mərasimi keçirilmişdir. Tədbirdə Salyan rayon İcra hakimiyyətinin başçısı Sevindik Hətəmov çıxış edərək regionlarda həyata keçirilən kommunal infrastruktur layihələrinin əhəmiyyətindən danışmış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı, diqqət və qayğısı ilə kənd və qəsəbələrin içməli su ilə təminatının davam etdirildiyini bildirmiş, kəndlərə içməli suyun verilməsi münasibətlə sakinləri təbrik etmişdir.
“Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyev tədbirdə çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd əhalisinin içməli su təchizatının yaxşılaşdırılmasını xüsusi diqqətdə saxladığını xatırladaraq son illər bu sahədə görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirdə çıxış edən kənd sakinləri əhalinin su təminatı sahəsindəki problemlərin həllinə göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.