Rayonda müşavirə keçirilmişdir
01 mart 2013-cü il tarixdə rayon İcra hakimiyyətinin iclas zalında Salyan rayonunda kənd təsərrüfatının mövcud vəziyyəti və qarşıda duran problemlərin həllinə dair müşavirə keçirilmişdir. Müşavirədə rayon ərazisində fəaliyyət göstərən fermerlər, sahibkarlar və iş adamları, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri, xidmət təşkilatların rəhbərləri iştirak etmişlər.
Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov müşavirədə çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sədrliyi ilə 12 fevral 2013-cü ildə Bakı biznes mərkəzində regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının dördüncü ilinin yekununa həsr edilmiş yığıncaqda respublikamızda iqtisadi və sosial vəziyyət, o cümlədən kənd təsərrüfatının mövcud vəziyyəti və görüləcək işlər barədə proqram xarakterli nitqindən irəli gələn vəzifələr haqqında məlumat vermişdir.
Dialoq və diskussiya şəraitində keçən müşavirənin məqsədinin fermerləri, iş adamlarını, sahibkarları dinləmək, təklifləri ümumiləşdirmək və bu barədə müvafiq dövlət orqanlarına məlumat vermək olduğunu vurğulayan RİH başçısı Tahir Kərimov eyni zamanda rayonumuzda iri taxılçılıq təsərrüfatlarının yaradılması istiqamətində görülən işlər barədə danışmış, iri fermer təsərrüfatlarına dövlət tərəfindən göstəriləcək diqqət və qayğının mahiyyəti barədə söz açmışdır.
Çıxış edənlər onları narahat edən məsələlər barədə danışmış, öz təkliflərini səsləndirmiş, rayonda yun, taxıl və digər kənd təsərrüfatı məhsullarının tədarükü üzrə müəssisələrin, yeni lizinqlərin yaradılması, həmçinin kənd təsərrüfatı məhsullarının ixracının təşkili və digər məsələlər barədə danışmışlar.
RİH başçısı Tahir Kərimov müşavirəyə yekun vuraraq qeyd etmişdir ki, ölkə başçısının rəhbərliyi ilə rayonumuzda iqtisadiyyatın bütün sahələri, o cümlədən aqrar sektorun inkişafı üçün bütün dövlət orqanları bundan sonra da daha çevik, məsuliyyətlə çalışacaq, insanların maddi rifahının yüksəldilməsi, onların hüquq və asayişlərinin qorunması üçün ardıcıl tədbirlər icra ediləcəkdir.