Şriftin ölçüsü :

Saytın rəngi :

Salyanda Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir

25 fevral 2013 | 16:00

Fevral ayının 21-də, Salyan şəhərindəki «Kür» şadlıq sarayında Yeni Azərbaycan Partiyasının fəalları ilə görüş keçirilmişdir. Tədbirdə YAP sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov, icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Qurbanlı, Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov iştirak etmişlər.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbiri giriş sözü ilə açaraq bildirmişdir ki, sıralarında 6 min 500 nəfərdən çox siyasi həmfikiri birləşdirən YAP rayon təşkilatı Salyanın ictimai-siyasi, sosial və mədəni həyatında fəal iştirak edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamına müvafiq olaraq bu il xalqımız ümummilli liderimiz Heydər Əliyevin 90 illik yubileyini böyük təntənələrlə qeyd edəcəkdir. Bu əlamətdar hadisəyə Salyan rayonunda da ciddi hazırlıq görülür. Biz ulu öndərin əlamətdar yubileyinə sosial-iqtisadi sahədə qazandığımız uğurlarla cavab verəcəyik. YAP üzvləri ulu öndərin irsini layiqincə öyrənmək və həyata keçirmək üçün elmi-praktik konfranslar, disputlar keçirəcəkdir. Natiq RİH başçısı Tahir Kərimovun rəhbərliyi ilə Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında  müəyyən edilmiş tədbirlərin  icrasından danışmış, bu tədbirlərin həyata keçirilməsində YAP üzvlərinin xüsusi fəallıq nümayiş etdirdiklərini diqqətə çatdırmışdır. Natiq vurğulamışdır ki, bu il ölkəmizdə növbəti prezident seçkiləri keçiriləcəkdir. Yeni Azərbaycan Partiyasının sədri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu seçkilərdə şəffaf və demokratik şəkildə qələbəsini təmin etmək üçün əlimizdən gələni edəcəyik.
Zalda qoyulmuş monitorda  ümummilli liderimiz Heydər Əliyevin 1998-ci ildə prezident seçkilərinə Salyandan başlaması barədə kinoxronikanın nümayiş olunması Heydər Əliyev siyasi kursunun alternativsizliyini bir daha göstərdi və tədbir iştirakçılarının sürəkli alqışlarına səbəb oldu.
Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov tədbirdə çıxış edərək bildirmişdir ki, Zati-aliləri cənab İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan dünyanın inkişaf etmiş ölkələri sırasında öz layiqli yerini daha da möhkəmləndirmiş, son doqquz ildə dövlət büdcəsi 25 dəfə artaraq 1 milyard manatdan 25 milyard manata çatmışdır. Son 9 ildə sənaye istehsalı 3 dəfə artmış, orta aylıq əmək haqqı 100 dollardan 500 dollara, orta pensiya 20 dollardan 200 dollar səviyyəsinə çatmışdır. Son 9 ildə 2.500-ə yaxın məktəb, 500-dən çox tibb müəssisəsi, 35 olimpiya idman kompleksi və digər sosial yönümlü obyektlər istifadəyə verilmişdir. Növbəti beş ildə də Azərbaycanda böyük tikinti-quruculuq, abadlıq işləri aparılacaqdır. Bu inkişaf, bu tərəqqi Salyan rayonunun timsalında da aydın hiss olunur.  Natiq vurğulamışdır ki, görkəmli ictimai xadim Heydər Əliyev tərəfindən yaradılan YAP bu gün öz sıralarında 600 minə yaxın siyasi həmfikiri birləşdirir. Bu, böyük qüvvədir. Partiyanın üzvləri əvvəlki seçkilərdə olduğu kimi, builki seçkilərdə də xüsusi fəallıq nümayiş etdirməlidirlər. Seçkiqabağı təbliğat və təşviqat kampaniyası dövründə partiya üzvləri ölkəmizdə İlham Əliyev iqtidarının həyata keçirdiyi dinamik inkişaf strategiyasının əhaliyə real faktlarla çatdırılması üçün lazımi iş aparmalıdırlar.
Ə.Əhmədov xüsusi vurğulamışdır ki, gənclərlə iş daim diqqət mərkəzində olmalı, qadınların ictimai-siyasi işlərə cəlb olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilməlidir.
Tədbirdə YAP rayon təşkilatı qadınlar şurasının sədri Fatma Səmədzadə, Şəkərli kənd ümumi orta məktəbinin direktoru Səlimağa Səlimli çıxış edərək bildirmişlər ki, salyanlılar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasətini ürəkdən bəyənir və bu il keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevin namizədliyini yekdilliklə dəstəkləyəcəklər.
Qısa fasilədən sonra YAP Salyan rayon gənclər birliyinin üzvlərinin  iştirakı ilə «dəyirmi masa»  keçirilmişdir. «Dəyirmi masa»da  YAP rayon gənclər birliyinin sədri  Nicat Əskərov çıxış edərək təşkilatın strukturu barədə məlumat vermiş, RİH başçısı Tahir Kərimovun  tez-tez gənclərlə görüşlər keçirərək onların məşğulluğunun, asudə vaxtlarının səmərəli təşkili sahəsində ardıcıl tədbirlər həyata keçirdiyini vurğulamışdır. Qeyd olunmuşdur ki, rayonun gəncləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasi kursunu bəyənir və növbəti seçkilərdə onun namizədliyini dəstəkləyəcəklər.
«Dəyirmi masa»da  YAP sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış etmişdir.

Keçidlər