Rayon Ağsaqqallar Şurasının konfransı
7 Fevral 2013-cü il tarixdə rayonda Respublika Ağsaqqallar Şurası Salyan rayon təşkilatının növbəti konfransı keçirilmişdir. Rayon Ağsaqqallar Şurası üzvlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən yığıncağı giriş sözü ilə açan Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov vurğulamışdır ki, Azərbaycan xalqının milli mentalitetində ağsaqqal sözünə, ağbirçək öyüdünə xüsusi hörmət və ehtiram vardır. Ümummilli liderimiz Heydər Əliyev ağsaqqalların ölkənin ictimai-siyasi həyatında fəal iştirakına həmişə imkan və şərait yaradırdı. Bu strateji xətt möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Konfransda rayon təşkilatının sədri B.İmanov hesabat məruzəsi ilə çıxış etmişdir. Sonra çıxışlar olmuşdur. Çıxış edənlər şuranın hesabat müddətindəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, şuranın fəaliyyətini daha da gücləndirmək üçün konkret təkliflər etmiş, son zamanlar Azərbaycan ictimaiyyəti arasında kəskin qəzəb və nifrət doğuran Əkrəm Əylislinin Moskvanın «Drujba narodov» jurnalında çap olunan «Daş yuxular» əsəri haqqında fikirlərini bildirərək qeyd etmişlər ki, Vətən xaini və nankor olan Əkrəm Əylislidən Xalq yazıçısı adı geri alınsın, layiq görüldüyü «İstiqlal» və «Şərəf» ordenlərindən, Prezident təqaüdündən məhrum edilsin.
Konfransda rayon təşkilatının şura və idarə heyətinin yeni üzvləri seçilmişdir. B.İmanov yenidən yekdilliklə rayon Ağsaqqallar Şurasının sədri və fevralın 16-da Bakıda keçiriləcək Respublika Ağsaqqallar Şurasının qurultayına nümayəndə seçilmişdir.
Hesabat konfransında rayon Ağsaqqallar Şurası sədrinin müavini Qulam Sadıqov, rayon Təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, «Qələbə» qəzeti baş redaktorunun müavini Fəxrəddin Fərzəliyev, Yuxarı Xalac kənd Ağsaqqallar Şurasının sədri Hacı Oqtay Məmmədov və başqaları çıxış edərək şuranın hesabat müddətindəki fəaliyyətini qənaətbəxş qiymətləndirmiş, şuranın fəaliyyətini daha da gücləndirmək üçün konkret təkliflərlə çıxış etmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov rayon Ağsaqqallar Şurasının yeni seçilmiş heyətinə gələcək işlərində uğurlar arzulayaraq bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun dönməzliyi və alternativsizliyi Azərbaycan ictimaiyyəti üçün məlum həqiqətdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə ağsaqqalların sosial-məişət problemlərinin həllinə, pensiyaların, müavinətlərin, imtiyazların məbləğinin yüksəldil-məsinə xüsusi diqqət və qayğı göstərilir. Bu il ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 90 illiyi, Azərbaycan Demokratik Cümhuriyyətinin 95 illiyi, 15 iyun-Milli Qurtuluş Gününün 20 illiyi yüksək səviyyədə qeyd ediləcək, prezident seçkiləri keçiriləcəkdir. Biz rayonumuzda bu əlamətdar günlərin hamısının ən yüksək səviyyədə həyata keçirilməsinə nail olmalıyıq.
RİH başçısı T.Kərimov əmin olduğunu bildirdi ki, rayonun ağsaqqalları özlərinin müdrik, uzaqgörən məsləhətləri və tövsiyələri ilə bu işlərdə rayon əhalisinin səfərbərliyə alınmasına öz layiqli töhfələrini verəcəklər.