Rayonun daha 3 yaşayış məntəqəsinə mavi yanacaq verildi
20 dekabr 2012-ci il tarixdə rayonun Qırx Çiraq qəsəbəsi, Qarabağlı və Kərimbəyli kəndlərinə təbii qazın verilməsi ilə bağlı təntənəli mərasim keçirilmişdir. Mərasimdə rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, kənd sakinləri iştirak etmişlər.
Qeyd olunmuşdur ki, 1575 abonenti – 9000-ə yaxın əhalini əhatə edən həmin ərazilərin qaz infrastrukturunun yenidən qurulması üçün 112 kilometrdən çox daşıyıcı və paylayıcı qaz xətti çəkilmiş, 1575 sayğac quraşdırılmışdır. Göstərilmişdir ki, ölkə başçısının tapşırığı ilə son bir il ərzində Salyan şəhəri və rayonun 7 yaşayış məntəqəsində qaz təsərrüfatı yenidən qurulmuşdur. Qırx Çiraq qəsəbəsi, Qarabağlı və Kərimbəyli kəndləri də daxil olmaqla təbii qaz verilişinin bərpası on kənddən altısında artıq başa çatmışdır. Daha dörd kənddə ilin sonuna kimi təbii qaz verilişi bərpa olunacaqdır.
Açılış mərasimində çıxış edən sakinlər onlara göstərilən bu qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər. Sonra RİH başçısı Tahir Kərimov sakinləri bu münasibətlə təbrik etmişdir.
RİH başçısı və qonaqlar qazlaşdırılmış evlərə baxış keçirmişlər.