Şriftin ölçüsü :

Saytın rəngi :

Yazısı Famil Qaracallı ilə görüş

01 dekabr 2012 | 16:00

Noyabrın 30-da Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialında yazıçı-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın tanınmış kimya mütəxəssisi Famil Qaracallı (Famil Cəbi oğlu Süleymanov) ilə görüş keçirilmişdir. Salyan rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, RİH başçısı yanında şura üzvləri, ziyalılar, AMİ-nin Salyan filialının professor-müəllim heyəti və tələbələri iştirak etmişdir.
AMİ-nin Salyan filialının direktoru T.Eminli tədbiri giriş sözü ilə açaraq Famil Qaracallının ermənilərin Azərbaycan xalqına qarşı əsrlər boyu, xüsusən də keçən əsrin 80-ci illərinin axırlarında, 90-cı illərin əvvəllərində başına açdığı müsibətlərin, fəlakətlərin qələmə aldığı romanlarda, povestlərdə yüksək sənətkarlıqla, bədii sözün qüdrəti ilə oxuculara çatdırıldığını bildirmişdir. Görüşdə çıxış edənlər yazıçının ömür yolu və yaradıcılığı haqqında geniş danışmış, onun cəsur, vətənpərvər, yurdsevər, təəssübkeş, hünərvər bir insan olduğunu qeyd etmiş, yazıçının «Qu quşunun nəğməsi», «Ağrılı Ağrım mənim», «Anam niyə ağlayırmış», «Unutqanlığın faciəsi» və başqa əsərlərinin müxtəlif aspektlərini geniş təhlil etmişlər. Tədbirdə AMİ-nin Salyan filialının tələbələri yazıçının «Qana boyanmış Quran» romanından səhnələşdirilmiş kompozisiyanı səsləndirmişlər.
Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov tədbirdə çıxış edərək bildirdi ki, bu yaxınlarda rayonda Salyanın 2800 illik yubileyi və istiqlal şairi Xəlil Rza Ulutürkün 80 illik yubileyi keçirilmişdir. Bu baxımdan görüşünə gəldiyimiz Famil Qaracallının da çağdaş ədəbiyyatda özünəməxsus yeri vardır. Natiq Famil Qaracallının uzun illər kimya sənayesi sahəsində çalışdığını, respublikamızda bu sahənin inkişafında xidmətləri olduğunu qeyd etməklə bərabər, onun yazıçı, sənət adamı kimi də məhsuldar və coşqun fəaliyyətindən söz açmış, qələmə aldığı əsərlərində Azərbaycan xalqının, xüsusən də Azərbaycan qadınlarının ucalığının, müqəddəsliyinin, paklığının real faktlarla öz əksini tapdığını qeyd etmişdir. T.Kərimov ustad yazıçıya möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulamışdır.
Tədbirdə müxtəlif inşa müsabiqələrində, bilik yarışlarında, olimpiadalarda qalib gəlmiş AMİ-nin Salyan filialının tələbələrinə fəxri fərmanlar təqdim olunmuşdur.
Axırda çıxış edən yazıçı Famil Qaracallı belə yüksək səviyyəli görüşün təşkilinə görə Salyan rayon İcra hakimiyyətinin başçısı T.Kərimova, AMİ-nin Salyan filialının rəhbərliyinə, bütün tədbir iştirakçılarına minnətdarlığını bildirmiş, gələcək yaradıcılıq planlarından danışmış və İnşallah, yaxın illərdə belə görüşlərin doğma Qubadlıda, Qarabağda keçiriləcəyinə möhkəm əminliyini bildirmişdir.
Görüşün sonunda yazıçı Famil Qaracallıya gül-çiçək dəstələri və xatirə hədiyyəsi təqdim olunmuşdur.

 

Keçidlər