«Gələcəyə baxış – salyanlı gənclərin gözü ilə»
27 noyabr 2012-ci il tarixdə Salyan rayon İcra hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının birgə keçirdiyi «Gələcəyə baxış – salyanlı gənclərin gözü ilə» adlı tədbir çox yüksək fəallıq, geniş müzakirələr, konkret təkliflər və səmərəli fikir mübadiləsi şəraitində keçdi.
Tədbirdə YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP gənclər birliyinin sədri Seymur Orucov, YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev, xaricdə təhsil alan azərbaycanlı gənc Ümüd Kərimov iştirak etmişlər.
YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbiri giriş sözü ilə açaraq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyasının 20 illik yubileyini qeyd etdiyimiz bu günlərdə respublikamızda, eləcə də rayonumuzda iri layihələr, böyük proqramlar həyata keçirilmişdir. Lakin biz bu görülən işlərlə kifayətlənmirik. Bu günkü tədbiri keçirməkdə məqsədimiz YAP-çı gənclərin rayonun gələcək inkişafında nə kimi təklifləri olduğunu bilmək, bu təklifləri ümumiləşdirərək daha böyük işləri reallaşdırmaqdan ibarətdir. Zalda qurulmuş internet vasitəsilə respublikamızdan kənarda olan gənclər də teledebatda iştirak edəcək, öz təkliflərini bildirəcəklər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovla bağlantı yaradıldıqda o, tədbirin iştirakçılarına uğurlar arzulayaraq bildirdi ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Salyanımız Azərbaycanın ən gözəl guşələrindən birinə çevrilir. Salyanın inkişaf perspektivində əzəmətli işlər nəzərdə tutulmuşdur ki, bu işlərin uğurlu həllində gənclərin də böyük zəhməti olacaqdır. Tahir Kərimov vurğuladı ki, bundan sonra da o, gənclərin yanında olacaq, onların həyata keçirdikləri böyük layihələri dəstəkləyəcəkdir.
YAP gənclər təşkilatının sədri Seymur Orucov çıxış edərək bildirdi ki, YAP iqtidar partiyası olaraq gənclər arasında işi təkmilləşdirməyə həmişə diqqət göstərir. Belə ki, yeni yaradılan Dövlət Gənclər Fondu hər il yay məktəblərinə 600 nəfərdən çox gəncləri dəvət edir. Onların 50 faizi rayonların nümayəndələridir. Deməliyik ki, bölgələrdən gələn bu gənclər öz intellektual biliyi, vətənpərvərliyi və yurdsevərliyi ilə seçilir. Natiq vurğuladı ki, hal-hazırda ölkədə möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevin «Gələcəyə baxış – 2020» proqramı həyata keçirilir. Bu proqramda üç əsas istiqamət – informasiya-kommunikasiya vasitələrinin, aqrar sahənin və turizmin inkişafı əsas yer tutur. Mən əminəm ki, bu gün fikir mübadiləsi, debat şəklində keçən tədbirdə də salyanlı gənclər konkret təkliflər və layihələrlə çıxış edəcəklər. Və qaldırılan məsələlər aidiyyəti instansiyalarda öz əksini tapacaqdır.
Kinoteatrın səhnəsində rayonun inkişaf proqramını əks etdirən 10 dəqiqəlik slayd tədbir iştirakçılarının böyük marağına səbəb oldu. Burada Salyan şəhərində inşa ediləcək yaşayış binaları, təhsil, səhiyyə, mədəniyyət obyektləri, geniş xiyabanlar, yaraşıqlı küçələr, parklar yaxın gələcəkdə görüləcək böyük işlərin müjdəçisi idi.
İnternet vasitəsilə tədbirə bağlanan, Rumıniyada neft sahəsində çalışan gənc mütəxəssis ADNŞ-nin Rumıniyadakı nümayəndəsi, gənc mütəxəssis Həmzə Kərimov, Fransadan Pərvin Şərifov, Sabirabad YAP rayon təşkilatının sədri Nadir Quliyev, AMİ-nin Salyan filialının direktoru Tovuz Eminli internet vasitəsilə bağlantıya qoşularaq Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan danışmış, Azərbaycan gənclərinin əldə etdiyi uğurlardan söz açmışdır.
Tədbirdə iştirak edən gənclər rayonun gələcək sosial-iqtisadi inkişafı ilə əlaqədar öz təkliflərini vermişlər. Tədbirdə YAP-dan olan məsul qonaqlar çıxış edərək bildirdilər ki, tədbirdə 50 nəfərə yaxın gənc konkret suallarla, təkliflərlə, layihələrlə çıxış etdilər. Bu çıxışlar qərəzsizliyi, obyektivliyi və ictimai məzmunu ilə diqqəti cəlb edirdi. Yüksək səviyyədə keçirilən bu tədbir bir daha əyani surətdə göstərdi ki, Salyan rayonunun gəncləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşmişlər.
YAP rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbirə yekun vurmuşdur.