Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov RİH-in akt zalında rayon ağsaqqallarının nümayəndələri ilə görüşmüşdür.

25 fevral 2016 | 16:00

Xocalı soyqırımı günü ərəfəsində keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra RİH başçısı Tahir Kərimov son beş ildə rayonumuzun sosial-iqtisadi inkişafında, o cümlədən ictimai-siyasi, mədəni həyatında baş vermiş yeniliklər barədə məlumat vermiş və qeyd etmişdir ki, ölkə başçısının diqqət və qayğısı ilə inkişaf edən Salyanda qazanılan uğurların əldə edilməsində rayon ağsaqqallarının da əməyi olmuşdur.
Son dövrdə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 dəfə Salyana səfər etmiş və bu qədim yurda dair 10-a yaxın sərəncam imzalamışdır. Salyanda inşa olunan yeni körpü, təhsil, səhiyyə, mədəniyyət sahələrində istifadəyə verilmiş müasir xidmət obyektləri, həmçinin Muğan Babazanlı abidələrinin 2800, Əli bəy Hüseynzadənin 150, Xəlil Rza Ulutürkün 80 illik yubileylərinin qeyd olunması barədə və digər sərəncamları Salyana və salyanlılara göstərilən diqqət və qayğının nəticəsidir.
RİH başçısı vurğulamışdır ki, ölkə başçısının tapşırığı ilə yerlərdə çalışan məmurlar daim xalqın xidmətində dayanmalı, onun rifahının yaxşılaşdırılması üçün dövlət siyasətinin həyata keçirilməsinə çalışmalıdırlar. Bu mənada son beş ildə Salyanda vətəndaşların qəbul edilməsi, arzu, təklif və şikayətlərinin nəzərə alınması istiqamətində ardıcıl işlər həyata keçirilmişdir.
Canlı dialoq və diskussiya şəraitində keçən görüşdə rayon ağsaqqallarından Hafiz Əsgərov, Rafiq Kərimov, Elman Hacıyev, Vilayət Əsgərov, Əhməd Zeynalov, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, Malik Kərimov, Cahangir Qaraşov, rayon «Qələbə» qəzetinin baş redaktoru Rüstəm Məlikov və başqaları çıxış edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinə, sosial-iqtisadi inkişafa yüksək qiymət vermiş, həmçinin onları narahat edən problemləri diqqətə gətirmişlər. RİH başçısı Tahir Kərimov şəhərimizin daha abad və səliqəli görünməsi, yeni yaşıllıqların salınması, “Abad məhəllə, abad küçə” devizi altında tədbirlərin təşkili, Kür çayı sahilinin ekoloji vəziyyətinin yaxşılaşdırılması, rayonda “Ziyalılar” evinin tikintisi, həmçinin kəndlərimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə irəli sürülən fikirlərə münasibət bildirmiş, qaldırılan problemlərin həllinə operativ kömək göstərmək məqsədilə rayon İcra Hakimiyyətində daimi fəaliyyət göstərəcək «Qaynar xətt» yaradıldığını vurğulamışdır. 
Görüşdə insanları narahat edən məsələlərin həlli istiqamətində yerli inzibati ərazi nümayəndələri və bələdiyyələrin də üzərinə düşən vəzifələr qeyd edilmiş, RİH başçısının təşəbbüsü ilə ağsaqqallarla görüşün daimi xarakter daşıyacağı bildirilmişdir.

 

 

Keçidlər