Salyan rayonunun İkinci Varlı kəndinə mavi yanacaq verildi
Salyan rayonunda 1000 nəfərdən çox əhalinin yaşadığı İkinci Varlı kəndinə mavi yanacağın verilməsinə başlanılıb. 200 abonenti olan kəndin ilk dəfə qazlaşdırılması üçün birpilləli sistem əsasında 20 min 220 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. 200 sayğac və fərdi tənzimləyici quraşdırılıb. Açılış mərasimində prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən infrastruktur layihələr barədə məlumat verən rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov kənd və qəsəbələrin qazlaşdırılmasını bu layihələrin davamı kimi dəyərləndirib.
Çıxış edən Millət vəkilləri Əliağa Hüseynov, Fəzail Ağamalı, ağsaqqallar və ziyalılar göstərilən qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər. Sonda mərasim iştirakçıları evlərdə olub, mavi yanacağın verilməsinə baxış keçiriblər.