Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 20 illik yubileyi təntənə ilə qeyd olundu

13 noyabr 2012 | 16:00

12 noyabr 2012-ci il tarixdə Salyan rayonunda Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr olunmuş bayram tədbiri keçirilmişdir. Tədbiri iştirakçıları – YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov. YAP idarə heyətinin üzvü Kərim Kərimov, millət vəkilləri Hadı Rəcəbli, Xanlar Fətiyev, Əliağa Hüseynov, YAP siyasi şurasının üzvü Vüqar Rəhimzadə, YAP mərkəzi aparatının məsul işçisi Ramil Mirzəyev, partiya veteranları, YAP Salyan rayon təşkilatı idarə heyətinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri ilk öncə Heydər parkına gələrək ulu öndərin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, Heydər Əliyev muzeyində olmuşlar.
Sonra tədbir Salyan rayonunun «Kür» şadlıq sarayında davam etdirilmişdir. Ümummilli liderimizə, Azərbaycana, müstəqilliyimizə, üçrəngli bayrağımıza, ümumiyyətlə, Azərbaycan xalqının mərdlik, mübarizlik əzminə həsr edilmiş musiqi nömrələrinin müşayiəti ilə davam edən bayram şənliyində Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, YAP-ın idarə heyətinin üzvü Kərim Kərimov, millət vəkilləri Hadı Rəcəbli, Əliağa Hüseynov, Xanlar Fətiyev, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə çıxış edərək partiya həmfikirlərini, əqidə dostlarını əlamətdar gün – Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi münasibətilə təbrik etmiş, bu partiyanın yaranmasında, iqtidara gəlməsində, möhkəmlənməsində, ümumilikdə Azərbaycan xalqının taleyüklü məsələlərin həllində onun əbədiyaşar yaradıcısı və qurucusu Heydər Əliyevin rolu barədə, bu kursu layiqincə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət haqqında danışmışlar.
Yubiley şənliyində Yeni Azərbaycan Partiyasının sıralarına daxil olan bir qrup gəncə partiya biletləri təqdim edilmiş, həmçinin yubiley günlərində 20 yaşı tamam olmuş partiyanın gənc üzvlərinə qiymətli hədiyyə verilmişdir.
Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov Yeni Azərbaycan Partiyasının yubileyi münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, partiyanın yaranması zərurətindən və bu çətin işin tarixi məsuliyyətini dərk edərək öz üzərinə götürmüş ümummilli liderimiz Heydər Əliyevin titanik dövlətçilik, quruculuq fəaliyyətindən, onun uzaqgörən siyasətinin bugünkü təntənəsindən danışmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində regionlarda, o cümlədən Salyanda aparılan abadlıq-quruculuq işlərindən, 2012-ci ildə keçirilən yubiley tədbirlərinin insanlarda doğurduğu qurub-yaratmaq əzmini qeyd edən RİH başçısı Tahir Kərimov bütün bu işlərin partiyanın sədri və ölkə başçısı olan cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdiriləcəyini vurğulamışdır.
Bayram şənliyinin nəğməli qonaqları – Xalq artistləri Bilal Əliyev, Məleykə Əsədova, Faiq Ağayev, Əməkdar artist Gülüstan Əliyeva, Əməkdar mədəniyyət işçisi Həsənağa Sadıqov, Aqil Cəbiyev, Rəqsanə, Aslan İlyasov, Natiq Məmmədov, bədii söz ustası Yavər Cəbrayılov maraqlı musiqi nömrələri, rayonun uşaq bağçalarının balaca fidanları, AMİ-nin Salyan filialının tələbə gəncləri öz çıxışları ilə bayram iştirakçılarına xoş saatlar yaşatmışlar.
Sonda Heydər parkında möhtəşəm bayram atəşfəşanlığı olmuşdur.
 

Keçidlər