3 dekabr-Beynəlxalq əlillər günü qeyd edilmişdir
3 dekabr-Beynəlxalq əlillər günü Salyan rayonunda da qeyd edilmişdir. Tədbirdən əvvəl Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və Azərbaycan respublikasının Prezident Administrasiyasının məsul işçisi İbrahim Mustafayev birinci qrup əlil İbrahimova Zeynəb Zeynal qızını evində ziyarət edərək onun ailə-məişət problemlərilə maraqlanmış, ona noutbuk və əlil arabası hədiyyə etmişlər. Tədbir daha sonra «Muğan» şadlıq evində nahar süfrəsi arxasında davam etdirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şura üzvləri, müxtəlif kateqoriyalara mənsub əlillər və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Tədbir iştirakçıları qarşısında çıxış edən RİH başçısı Tahir Kərimov qeyd etmişdir ki, Azərbaycan dünya birliyi ailəsinə daxil olmaqla «Əlillərin hüquqları haqqında» BMT Baş Məclisinin Konvensiyasına qoşulmuşdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı həyata keçirilən geniş miqyaslı tədbirlərin əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Görkəmli dövlət xadiminin Azərbaycana rəhbərlik etdiyi illərdə əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası ildən-ilə güclənib. Ölkədə əlillərin sosial müdafiəsi ilə bağlı Dövlət Proqramları hazırlanaraq icra edilib. Bakıda və regionlarda əlillər üçün reabilitasiya mərkəzləri, protez-ortopedik müəssisələr yaradılıb. Əlillərə, müharibə veteranlarına, şəhid ailələrinə, fiziki sağlamlığını itirən insanlara göstərilən yüksək diqqət və qayğı bu gün də davam etdirilir.
Prezident İlham Əliyevin fərman və sərəncamları ilə əlillərə ödənilən pensiya və müavinətlərin məbləği ildən-ilə artırılır. Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da əllillərin problemini daim diqqətdə saxlayır.
RİH başçısı qeyd etmişdir ki, hazırda Salyanda 630 nəfərə yaxın müxtəlif kateqoriyalı əlil insanlar yaşayır. Onların sosial təminatı dövlət tərəfindən qarşılanır. Bununla yanaşı, rayonumuzda da əlillərə göstərilən diqqət və qayğı rayon İcra Hakimiyyətinin prioritet hesab etdiyi məsələlərdəndir. Bu kateqoriyaya məxsus insanların müraciətləri, qaldırdıqları probemlərin həlli birinci növbədə nəzarətə götürülür. Hazırda imtiyazlı ailələr üçün 20-yə yaxın evdə tikinti işləri aparılır, bu kateqoriyadan olan 17 nəfərə isə minik avtomobilləri hədiyyə edilmişdir. RİH başçısı məclisdə iştirak edən bütün əlillərə gülər üz, xoşbəxt və sağlam həyat arzu etmişdir.
Tədbirdə rayon Çernobıl əlilləri cəmiyyətinin sədri Rasim İbrahimov, II qrup əlil Samid Tağıyev və başqları çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz dərin təşəkkür və minnətdarlıqlarını bildirdilər.
Tədbir rayon «Muğan» instrumental ansamblının maraqlı konsert proqramı ilə müşaiyət olunmuşdur.