Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyi ilə əlaqədar rayonda tədbirlər keçirilmişdir
7 noyabr 2012-ci il tarixdə rayon İcra Hakimiyyətinin geniş iclas zalında Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illiyinə həsr edilmiş yığıncaq keçirilmişdir. Yığıncaqda partiya veteranları, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının idarə heyətinin üzvləri, fəalları, idarə və müəssisələrin rəhbərləri, gənclər, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Rəşad Cəbrayılov tədbir iştirakçılarını salamladıqdan sonra Salyan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov Yeni Azərbaycan Partiyasının mövcud olduğu 20 ildə onun keçdiyi tarixi yoldan danışmışdır. Natiq qeyd etmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan tarixinin son dərəcə ağır və kəşməkəşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı ilə yaranmışdır. Məhz belə bir vaxtda 91 nəfər Azərbaycan ziyalısının imzası ilə Naxçıvana – Heydər Əliyevə müraciət göndərilmiş və yeni yaradılacaq siyasi partiyaya rəhbərlik etmək ondan xahiş olunmuşdur. Nəhayət 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə Azərbaycanın bütün regionlarından seçilmiş nümayəndələrin təmsil olunduğu konfrans Naxçıvan şəhərində keçirildi. Təsis konfransı Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar, partiyanın Proqram və Nizamnaməsini qəbul etdi. Konfransda Heydər Əliyev yekdilliklə partiyanın sədri seçildi. Beləliklə, müstəqil Azərbaycanın tarixində öz üzərinə böyük tarixi missiya götürən və xalqımızın həyatında mühüm hadisəyə çevrilən Yeni Azərbaycan Partiyası yarandı.
YAP Azərbaycan Respublikasının Konstitusiyası və Qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosial yönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən siyasi partiyadır.
Yeni Azərbaycan Partiyasının Proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir. Artıq 20 ildir ki, partiya öz üzərinə düşən vəzifələri uğurla həyata keçirir. Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyev bu kursu müvəffəqiyyətlə davam etdirməklə ölkəmizi dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxarmış, insanların sosial rifahı yaxşılaşmış, dövlət müstəqilliyimiz daha da möhkəmlənmişdir.
Yığıncağın sonunda zona turnirinin qalib olmuş Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının futzal üzrə futbol komandasına rayon İcra hakimiyyəti başçısı Tahir Kərimov tərəfindən qiymətli hədiyyələr verilmiş, xatirə şəkilləri çəkilmişdir.