20 oktyabr 2015-ci il tarixində rayonun Salyan kənd inzibati ərazi dairəsinə daxil olan, əhalisi 2940 nəfər olan Sarvan kəndinə təbii qazın verilməsi ilə əlaqədar tədbir keçirilmişdir.
Ölkəmizdə infrastruktur layihələri uğurla icra edilməkdədir. Digər bölgələrlə yanaşı, Salyanda da abadlıq-quruculuq işləri davam etdirilir. Xüsusən kənd yerlərində yeni təhsil ocaqları inşa edilir, təmir işləri aparılır, yollar çəkilir, kənddaxili qaz xətləri istifadəyə verilir.
20 oktyabr 2015-ci il tarixdə Sarvan kəndinin mərkəzində yaşayış sahəsinə yeni qaz xəttinin istifadəyə verilməsi münasibətilə tədbir keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyəti başçısı yanında Şura üzvləri, rayon ictimaiyyətinin nümayəndələri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
RİH başçısının I müavini Etibar Hüseynov tədbiri açdıqdan sonra kənd sakinlərindən şəhid atası, Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov, kənd sakini Əlimirzə Bəşirov, Sarvan kənd tam orta məktəbin müəllimi Rövşanə Ağabəyova, Regional qaz istismarı idarəsinin baş mühəndisi Telman Feyziyev çıxış edərək kəndə yeni qaz xəttinin çəkilişi üçün ölkə başçısı cənab İlham Əliyvə minnətdarlıqlarını bildirmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək sakinləri kənddə qaz xəttinin istifadəyə verilməsi münasibətilə təbrik etmişdir. Qeyd edilmişdir ki, 2.900 nəfərdən çox əhali yaşayan kənd daxilində 73 kilometrə yaxın qaz xətləri çəkilmiş, 650 ünvanda sayğac quraşdırılmışdır. Hazırda rayonun 13 kəndində qazlaşdırılma işlərinin davam etdiyini bildirən RİH başçısı indiyədək əhalinin 70 faizindən çoxunun qazla təmin edildiyini bildirmişdir.
Sonra kəndə qaz xəttinin istismara verildiyini bildirən rəmzi məşəl alovlandırılmışdır.