Şriftin ölçüsü :

Saytın rəngi :

Məktəblərdə İlk Zəng çalındı

15 sentyabr 2015 | 15:00

Respublikamızın  hər yerində olduğu kimi, Salyan rayonunda da 15 sentyabr – Bilik Günü yüksək səviyyədə keçirilmişdir. Rayonumuzun 55 ümumtəhsil məktəbində Bilik Günü münasibətilə yığıncaqlar, təntənəli mərasimlər keçirilmiş, möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın gərgin səyləri nəticəsində Azərbaycan təhsilinin son illərdə qazandığı uğurlar barəsində  söz açılmışdır.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri, rayon təhsil şöbəsinin mütəxəssisləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyətin nümayəndələri Bilik Günü – İlk Zəng tədbirlərində iştirak etmiş, pedaqoji kollektivlərə, şagirdlərə yeni dərs ilində uğurlar arzulamışlar. Vurğulamışlar ki, rayonumuzun ümumtəhsil məktəblərində 18 minə yaxın şagird təhsil alır ki, onların da təlim-tərbiyəsi ilə 2.200 nəfərdən çox müəllim məşğul olur. Son illərdə rayonda 20 məktəb üçün yeni bina və əlavə korpuslar tikilmiş, 13 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevin 14 sentyabr 2015-ci il tarixli sərəncamı ilə respublikanın ali məktəblərinə daxil olmuş  tələbələr arasında Prezident təqaüdünə layiq görülənlərdən biri də Kürqaraqaşlı kənd tam orta məktəbinin məzunu – 682 balla ali məktəbə daxil olmuş Qədirli Elnur Qurban oğlu da vardır.
Aşıq Pənah Pənahov adına 1 saylı humanitar təmayüllü məktəb-liseydə də Bilik Günü yüksək təntənə ilə qeyd olunmuşdur. Tədbirdə məktəbin pedaqoji kollektivi, şagirdləri, valideynlər, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
2014-2015-ci tədris ilində məktəbi 71 nəfər bitirmişdir ki,  onlardan 37-si Azərbaycanın müxtəlif universitetlərinə qəbul olunmuşdur. Məzunlar arasında ən yüksək nəticəyə nail olaraq 624 bal toplayan Əlisahib Qədimli  Ali Neft Məktəbinə daxil olmuşdur.
Bilik Günü münasibətilə məktəbə gələn rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov əvvəlcə 1-ci sinif şagirdləri ilə onların dərs keçdikləri otaqlarda görüşmüş, fidan balaların söylədikləri anaya, Vətənə, məktəbə, müəllimə həsr olunmuş şeirləri dinləmiş, onlarla xatirə şəkli çəkdirmişdir. Sonra məktəbin müəllimləri qarşısında çıxış edən RİH başçısı Tahir Kərimov Bilik Günü münasibətilə onları təbrik edərək kollektivə yeni dərs ilində uğurlar arzulamışdır. İcra başçısı bildirmişdir ki, ulu öndər, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş təhsil strategiyası möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkədə təhsil sahəsində ciddi islahatlar aparıldığını diqqətə çatdıran natiq vurğulamışdır ki, respublika Prezidenti tərəfindən müəllimlərin əmək haqlarının artırılması, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və digər problemlərin həlli ilə bağlı müvafiq sərəncamlar imzalamış, dövlətimiz tərəfindən ən zəruri tədbirlər həyata keçirilir.
Şəhid Azər Səfərov adına şəhər internat məktəbi də yeni tədris ilinə yaxşı hazırlaşmışdır. Məktəbin ərazisində səliqə-sahman yaradılmış, burada  yaşıl örtüklü mini-futbol meydançası salınmışdır. 15 sentyabr – Bilik Günü Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri məktəbə gələrək təhsil ocağının yeni dərs ilinə hazırlığın vəziyyəti ilə tanış olmuş, məktəbin pedaqoji kollektivi ilə görüşmüşdür.
Məktəbin direktoru Təranə Şirəliyeva məlumat vermişdir ki, tədris ilində internat məktəbində 400 nəfərdən çox şagird təhsil alacaqdır. Bu il 66 şagird ilk dəfə 1-ci sinfə bu məktəbdə başlayacaqdır.
RİH başçısı Tahir Kərimov şagirdlərin təhsil alacaqları 1-ci siniflərdə olmuş, müəllimlər və şagirdlərlə görüşmüş, onlara təhsildə və həyatda uğurlar arzulamışdır.
İnternat məktəbinin şagirdləri müstəqil respublikamıza, ulu öndər Heydər Əliyevə dair şeirlər söyləmişlər.
Həmin gün rayonumuzun bütün məktəblərində yeni dərs ilinə uğurla başlanmışdır. Təhsil işçilərimiz öz ənənələrinə sadiq qalaraq bu il də təlimdə və tədrisdə yüksək nəticələr əldə etmək əzmindədirlər.

Keçidlər