Şriftin ölçüsü :

Saytın rəngi :

09 sentyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir.

09 sentyabr 2015 | 15:00

     09 sentyabr 2015-ci il tarixdə Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, Təhsil Nazirliyinin nümayəndəsi, aparıcı elmi işçi, pedaqogika  üzrə elmlər doktoru Akif Əliyev, rayonun  qabaqcıl müəllimləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Konfrans iştirakçıları tədbir başlamazdan əvvəl Heydər Əliyev parkda Ulu Öndərin abidəsi qarşısına gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayon təhsil şöbəsinin müdir əvəzi Xudaverdi Piriyev «2014-2015-ci dərs ilinin yekunları və qarşıda duran vəzifələr» mövzusunda məruzə etmişdir. Natiq ulu öndərimiz Heydər Əliyevin təhsil strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən  uğurla davam etdirildiyini vurğulayaraq son illər rayonumuzda təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində göstərilən dövlət qayğısından danışmışdır. Ölkə Prezidentinin «Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası»nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı»nın təsdiq edilməsi haqqında 19 yanvar 2015-ci il tarixli sərəncamı təhsil sistemimizin inkişafı baxımından çox əhəmiyyətli bir sənəddir. Hazırda fəaliyyət planına uyğun olaraq rayonumuzda da müvafiq tədbirlər həyata keçirilməkdədir.
Rayonumuzda 55 məktəb fəaliyyət göstərir. Bunlardan 38-i tam orta, 15-i ümumi orta, 2-si ibtidai məktəblərdir. Bu müəssisələrdə 18 minə yaxın şagird təhsil alır ki, bunların da təlim-tərbiyəsi ilə 2.200-dən artıq müəllim məşğul olur. Son illər ölkədə aparılan sosial-iqtisadi inkişaf təhsil müəssisələrinin tədris  maddi bazasının yaxşılaşmasında özünü göstərmişdir. Son on bir  il ərzində 3 minə yaxın təhsil müəssisəsi tikilib və ya əsaslı təmir olunmuşdur. Rayonumuzda da bu sahədə görülən işlər ictimaiyyət tərəfindən  rəğbətlə qarşılanır. Belə ki, göstərilən dövrdə rayonda 20 məktəb üçün yeni bina və əlavə korpuslar tikilmiş, 13 məktəbdə əsaslı təmir işləri aparılmışdır. Yaradılmış şərait təbii ki, təhsilin keyfiyyətində də özünü göstərməkdədir. Ötən tədris ilində rayon üzrə 1.515 şagird ümumi orta təhsil haqqında şəhadətnamə, 1.140 şagird isə tam orta təhsil haqqında attestat almışdır. Attestat alan şagirdlərdən biri – Yuxarı Noxudlu kənd tam orta məktəbinin məzunu Səfərəliyeva Ayşən Təhsil nazirinin əmri ilə «Qızıl medal»la təltif edilərək xüsusi nümunəli attestata layiq görülmüşdür. Qəbul imtahanının nəticələrinə görə 360 məzun ali təhsil müəssisələrinə, 96 məzun isə orta ixtisas təhsil müəssisələrinə qəbul olmuşdur. Qəbul olan məzunların 26 nəfəri 600-dən çox bal toplamışdır.
Məruzəçi tədris prosesində mövcud olan nöqsanlardan da danışdı. Qeyd edildi ki, bu il  IX sinif şagirdlərinin buraxılış-imtahan nəticələri respublika səviyyəsindən aşağıdır. Ana dili və riyaziyyat fənləri üzrə də doğru cavabların faizi respublika göstəricisindən az olmuşdur.
Tədbirdə  «Gənc Heydərçilər» konfrans iştirakçılarını salamlamışlar. Kürqaraqaşlı kənd tam orta məktəbinin məzunu, 682 balla Prezident Yanında Dövlət İdarəçilik  Akademiyasına daxil olmuş Qədirli Elnur çıxış edərək konfrans iştirakçılarını salamlamaqla qazandığı yüksək nəticənin əldə edilməsində əməkləri olmuş müəllimlərinə, məktəb kollektivinə və təhsilin inkişafı üçün yaradılmış şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür və minnətdarlığını bildirmişdir.
Konfransda ötən ilin yekununa görə «İlin ən yaxşı məktəbi» müsabiqəsinin qalibi olmuş şəhər 4 saylı tam orta məktəbin direktoru Əlimuxtar Məmmədov, 2014-2015-ci illər üzrə «İlin ən yaxşı müəllimi» müsabiqəsinin qalibi, 7 saylı məktəb-liseyin kimya-biologiya müəllimi, Əməkdar müəllim Gülşən Piriyeva çıxış edərək təhsildə qazandıqları təcrübədən danışmış, yüksək nəticələr əldə etmiş şagirdlərə və gənc müəllimlərə öz tövsiyələrini verdilər. Yuxarı Noxudlu kənd tam orta məktəbinin məzunu, «Qızıl medal»çı, 654 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin daxil olmuş Səfərəliyeva Ayşən Rəhman qızının valideyni Ülkər Səfərəliyeva çıxış edərək bu il yüksək nəticə göstərmiş bütün şagirdləri təbrik etdi və ölkəmizdə təhsilin inkişafına ölkə başçısı cənab İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın göstərdiyi diqqət və qayğıya görə bütün valideynlər adından təşəkkür etdi. Gənc mütəxəssis, Şəkərli kənd ümumi orta məktəbində bu il ingilis dilini tədris edəcək Ayşən Əsədovanın da çıxışı maraqla qarşılandı.
Konfransda 600-dən çox bal toplayan tələbələr və rayonun qabaqcıl müəllimləri RİH başçısının və TİAHİ rayon komitəsinin qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.
Təhsil Nazirliyinin nümayəndəsi, aparıcı elmi işçi, pedaqogika üzrə elmlər doktoru Akif Əliyev çıxış edərək rayonun təhsil işçilərini yeni tədris ilinin başlaması münasibətilə təbrik etmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov müəllimlərin sentyabr konfransında çıxış edərək 15 sentyabr – Bilik Günü və yeni dərs ilinin başlaması münasibətilə bütün təhsil işçilərini təbrik edərək onlara uğurlar arzuladı. RİH başçısı qeyd etdi ki, iqtisadi cəhətdən regionun aparıcı dövləti olan Azərbaycan təhsilin inkişafını prioritet istiqamətlərdən biri elan etmiş və bu sahədə ardıcıl dövlət proqramları icra olunur. Rayon rəhbəri vurğuladı ki, Salyanda da təhsil müəssisələrinin 70 faizindən çoxunda təmir işləri aparılıb. Bu işlər Dövlət Proqramları çərçivəsində davam etməkdədir. Qabaqcıl təcrübəyə, böyük müəllim ordusuna malik rayonumuzda 8 Əməkdar, 6 «Tərəqqi» medallı müəllim çalışır. 360 şagirdin bu il ali məktəblərə daxil olması əlbəttə, fərəhlidir. Lakin bu gün təhsil sahəsində ictimaiyyəti narahat edən problemlər də vardır. RİH başçısı Tahir Kərimov məktəblərdə davamiyyətin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsinin artırılması, məktəblilərin vahid geyim formasına keçidin başa çatdırılması, bütövlükdə pedaqoji mühitin daha da yaxşılaşdırılması üçün öz tövsiyə və tapşırıqlarını verdi.
Sonda konfrans iştirakçıları adından ölkə Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.

Keçidlər