Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan rayon İcra Hakimiyyətində 22 iyul – Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibətilə konfrans keçirilmişdir.

16 iyul 2015 | 15:00

    İyulun 16-da Salyan rayon İcra Hakimiyyətində 22 iyul – Azərbaycan Milli Mətbuatının 140 illiyi münasibətilə konfrans keçirilmişdir. Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvlərinin, idarə, müəssisə, təşkilat rəhbərlərinin, yerli «Qələbə» qəzeti redaksiyasının kollektivi və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən konfransı giriş sözü ilə açan Salyan rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Kərimov əlamətdar 140 illik yubiley münasibətilə Salyan rayonunda çıxan «Qələbə» qəzetinin kollektivini təbrik etmiş, onlara yeni uğurlar arzulamışdır. Natiq vurğulamışdır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2 iyun 2015-ci il tarixli sərəncamı ilə  Azərbaycan Milli Mətbuatının 140 illiyi ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Böyük ziyalı, təbiətşünas alim Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci ilin 22 iyulunda nəşrə başlayan «Əkinçi» qəzeti ilə milli mətbuatımızın əsası qoyulmuş, bu qəzet vasitəsilə Həsən bəy Zərdabi əqidə dostları M.F.Axundov, Nəcəf bəy Vəzirov, Əsgərağa Gorani, Seyid Əzim Şirvani və başqa şəxslərlə mövhumata və cəhalətə qarşı mübarizə aparmış, millətin savadlanması, qadınların hüquqlarının qorunması istiqamətində yazılarla çıxış etmişdir. Sonrakı dövrlərdə də milli mətbuatımız  həm tərəqqi, həm də tənəzzül dövrləri yaşamış, müxtəlif siyasi quruluşlarda dövlətə, xalqa xidmət etməyin nümunələrini göstərmişdir.
RİH başçısı Tahir Kərimov ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli mətbuatımızın yüksəlişi və tərəqqisi uğrunda gördükləri işlərdən ətraflı danışmışdır.
Tədbirdə rayon prokuroru Firdovsi Nemətli, «Qələbə» qəzetinin baş redaktoru Rüstəm Məlikov, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev, «Qələbə» qəzeti baş redaktorunun müavini Fəxrəddin Fərzəliyev çıxış edərək ölkə və regional mətbuatın hazırkı vəziyyətindən, bu sahənin inkişafı istiqamətində görülən işlərdən danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Salyan rayonunun sosial-iqtisadi inkişafı istiqamətində imzaladığı sərəncamlardan,  Salyanan 2800 illiyi münasibətilə keçirilən tədbirlərdən, bu yaxınlarda başa çatan «Bakı-2015» I Avropa Oyunlarının mətbuatımızda və «Qələbə» qəzetində işıqlandırılmasından söz açmışlar.
RİH başçısı Tahir Kərimov yığıncağa yekun vuraraq əmin olduğunu bildirmişdir ki, Salyan rayonunun jurnalistləri möhtərəm Prezidentimiz cənab İlham Əliyevin milli mətbuatımıza göstərdiyi diqqət və qayğıya cavab olaraq bundan sonra da daha təşəbbüskarlıqla, daha səylə, daha mütəşəkkilliklə çalışacaqlar.

Keçidlər