Rayonumuzun orta məktəblərində «Son zəng» tədbirləri keçirilmişdir
Salyan rayonunda XI sinfi bitirmiş məzunları təntənəli şəkildə yolasalma mərasiminə çevrilən «Son zəng»ə həsr olunmuş silsilə tədbirlərdə rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayon təhsil şöbəsinin məsul işçiləri, rayonumuzun veteran müəllimləri, ziyalıları iştirak etmişlər. Ə.Kürçaylı adına Salyan şəhər 7 saylı texniki fənlər təmayüllü məktəb-liseydə keçirilən «Son zəng» tədbirində rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov və RİH başçısı yanında Şuranın üzvləri iştirak etmişlər.
Məktəbin direktoru Arzu Daşpoladova çıxış edərək gələn qonaqları salamlamış, həmçinin məktəbi bitirən məzunlara gələcək təhsildə və həyatda uğurlar arzulamışdır. Məktəbin direktoru qeyd etmişdir ki, ötən dərs ilində məktəbi 60 nəfər məzun bitirmiş, onlardan 42 nəfər müxtəlif təhsil ocaqlarına daxil olmuşdur. Fərəhlidir ki, 3 nəfər məzun 600 baldan yuxarı nəticə göstərərək məktəbin adını daha da şərəfləndirmişdir. Təhsil ocağında 4 Əməkdar, 1 «Tərəqqi» medallı müəlim, müxtəlif müsabiqə və təlim kurslarının iştirakçısı olan pedaqoqlar çalışırlar. A.Daşpoladova qeyd etmişdir ki, bu il təhsil ocağını 3 sinif bitirir. Məzunların hazırlığı göstərir ki, bu il də onlar yüksək nəticələrə nail olacaqlar.
Dövlət Himninin musiqi sədaları altında Azərbaycanın Dövlət Bayrağı meydana gətirildi.
Məktəb kollektivinin hazırladığı «Son zəng» tədbirinə aid müxtəlif musiqili-ədəbi kompozisiyalar səsləndi.
Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov məzunları təbrik etdi. RİH başçısı qeyd etdi ki, rayonumuzda təhsilin səviyyəsi respublikada öncül yerlərdən birini tutur. Rayonda 8 Əməkdar müəllim, 6 «Tərəqqi» medallı pedaqoq çalışır. Hər il məktəblərimizdən «İlin ən yaxşı təhsil ocağı» və «İlin ən yaxşı müəlimi» nominasiyası üzrə qalib olanların sayı artır. Bu il də məzunlarımızdan yüksək nəticələr gözləyirik. Azərbaycanın I Avropa Oyunlarına ev sahibliyi edəcəyi dövrə düşən bu dərs ilinin sonu gənclərimizə öz imkanlarını daha geniş göstərməyə şərait yaradacaqdır. Tədbirlərdə çıxış edən natiqlər vurğulamışlar ki, rayonda fəaliyyət göstərən 55 ümumtəhsil məktəbində 17.959 şagird təhsil almışdır. Bu il onlardan 1.180 nəfəri orta təhsili başa vuraraq müstəqil həyata qədəm qoyur. Natiqlər yekdilliklə qeyd etmişlər ki, ulu öndər Heydər Əliyev tərəfindən təhsilə göstərilən diqqət və qayğı onun layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onlar dövlətimizin başçısının ölkədə təhsilin səviyyəsinin yüksəldilməsi, məktəblərin əsaslı təmiri, yenilərinin tikilməsi, müəllimlərin yüksək fəxri adlara layiq görülməsi istiqamətində gördüyü işlərdən, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təhsilin hərtərəfli inkişafı ilə bağıl fəaliyyətindən danışmışlar.
RİH başçısı Tahir Kərimov «Son zəng» günü Azərbaycan Müəllimlər İnstitutu Salyan filialında olmuşdur. Ali məktəbin müəllim və tələbə kollektivi ilə görüşən RİH başçısı T.Kərimov gənclər qarşısında çıxış edərək I Avropa Oyunları ərəfəsində rayonumuzun gənclərinin ictimai-siyasi həyatda fəallıq göstərdiyini qeyd etmiş, həmçinin bu möhtəşəm tədbirin respublikamızın Beynəlxalq aləmdə nüfuz və hörmətini daha da artıracağını vurğulamışdır.
Salyan rayonunun digər məktəblərində də «Son zəng» mərasimləri təntənəli keçmiş, milli təhsilimizin uğurlarının nümayişinə çevrilmiş, yüksək bayram ovqatı ilə başa çatmışdır.