Şriftin ölçüsü :

Saytın rəngi :

Xəlil Rza Ulutürkün 80 illik yubileyi qeyd olundu

21 oktyabr 2012 | 15:00

19 oktyabr 2012-ci il tarixdə XX əsr Azərbaycan poeziyasının tanınmış nümayəndəsi, Xalq şairi, filologiya elmləri doktoru, professor Xəlil Rza Ulutürkün anadan olmasının 80 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları öncə Xəlil Rza Ulutürkün abidəsini ziyarət etmiş və önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon İcra hakimiyyətinin iclas zalında davam etdirilmişdir.
Rayon İcra hakimiyyətinin başçısı cənab Tahir Kərimov tədbirdə çıxış edərək bildirmişdir ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Xəlil Rza Ulutürkün 80 illik yubileyinin keçirilməsi haqqında sərəncamı respublikamızın ədəbi-ictimai həyatında mühüm hadisədir. Ulu öndərimiz Heydər Əliyev də bu azadlıq tribununun yaradıcılığını yüksək qiymətləndirmiş, onu «İstiqlal» ordeni ilə təltif etmişdir.
İyirmidən çox şerlər kitabı çap edilən böyük ədəbiyyatşünas alim kimi zəngin elmi xəzinə yaradan X.R.Ulutürk həm də 1988-ci ildə başlayan milli azadlıq hərəkatında fəal iştirak etmiş, 1990-cı ilin 20 Yanvar faciəsini törədən Sovet rəhbərliyinə qarşı etiraz səsini qaldırdığına görə həbsə alınmış, Moskvanın Lefortovo zindanında səkkiz aydan çox cəza çəkmişdir. Bütün bunlara baxmayaraq X.R.Ulutürk öz əqidəsindən, amalından geri çəkilməmiş, müstəqilliyimizi tərənnüm edən şerləri ilə zamana və məkana sığmayan poeziya nümunələri yaratmışdır.
Yubiley tədbirində Milli Aviasiya akademiyasının professoru, xalq şairi Nəriman Həsənzadə, Xəlil Rza Ulutürk yaradıcılığının tədqiqatçısı, filologiya elmləri doktoru Əlizadə Əsgərli, şair-publisist Ramiz Duyğun, şair Oqtay Rza, professor Ənvər Əhməd, əməkdar artist Ağalar Bayramov çıxış etmişlər. Çıxışlarda şairin yaradıcılığı təhlil olunmuş, xatirələr söylənilmişdir.
Qeyd olunmuşdur ki, Xəlil Rza Ulutürkün vətənpərvərlik duyğuları ilə zəngin ictimai-siyasi mövzulu yaradıcılığı xalqımızın bədi-poetik fikir salnaməsinin parlaq səhifələrini təşkil edir. O, eyni zamanda dünya ədəbiyyatı xəzinəsinin incilərini dilimizə uğurla tərcümə etmişdir. Müasir Azərbaycan ədəbiyyatının inkişafına töhfələr vermiş Xəlil Rza Ulutürkün 80 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 4 iyun 2012-ci il tarixli sərəncam imzalamışdır.
Şairin ömür-gün yoldaşı Firəngiz xanım öz xatirələrini danışmış və ölkə rəhbərliyinə şairə verilmiş böyük qiymətə görə ailəsi adından öz dərin minnətdarlığını bildirmişdir.
Tədbirin sonunda Salyan Dövlət Kukla Teatrının kollektivinin, Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının tələbələrinin və rayon məktəblilərinin hazırladığı musiqili-ədəbi kompozisiya, şairin sözlərinə bəstələnmiş mahnılar səslənmiş, azadlıq şairinin əsərlərindən səhnələr və parçalar ifa edilmişdir. Bir daha qeyd olunmuşdur ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda siyasi-iqtisadi və sosial-mədəni həyatda qazanılan qələbələr Xəlil Rza Ulutürkün arzularının gerçəkliyə çevrilməsidir. Ona görə də Xəlil Rza Ulutürk poeziyası Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

 

Keçidlər