Şriftin ölçüsü :

Saytın rəngi :

Respublikanın Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşovun yubiley tədbiri

22 aprel 2015 | 15:00

22 aprel 2015-ci ildə, tarixdə rayon İcra hakimiyyətində Sarvan kənd mədəniyyət evinin müdiri, «Fəxri mədəniyyət işçisi», respublikanın Əməkdar mədəniyyət işçisi Cahangir Bahadır oğlu Qaraşovun anadan olmasının 70 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tədbiri giriş sözü ilə açaraq Cahangir Qaraşovun ömür yolundan danışmışdır. Natiq vurğulamışdır ki, 1945-ci ildə rayonun Sarvan kəndində anadan olan Cahangir Qaraşov 1961-ci ildə Salyan şəhər 2 saylı orta məktəbin VIII sinfini bitirdikdən sonra Bakı Kitabxanaçılıq texnikumunun (indiki Mədəni-maarif liseyi) mədəni-maarif fakültəsinə daxil olmuşdur. 1965-ci ildə texnikumu bitirən gənc mütəxəssis  Salyan rayonuna gəlmiş, Şorsulu kənd klubunda müdir işləmişdir. Sonra Bakıda Azərbaycan Televiziya və Radio  Komitəsində rejissor köməkçisi, A.Şaiq adına Bakı Dövlət Kukla Teatrında aktyor işləmişdir.
1972-ci ildə rayona qayıdan C.Qaraşov rayon mədəniyyət evində işləmiş, burada kukla dərnəyi yaratmışdır. Bu dərnək 1975-ci ildə Kukla Xalq Teatrı, 1994-cü ildə isə Dövlət Kukla Teatrı adına layiq görülmüşdür. C.Qaraşov 1980-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirərək rayonumuzda aktyor və rejissor kimi fəaliyyət göstərir. O, 1980-ci ildə keçirilən Moskva olimpiadasında, 1981-ci ildə İspaniyada keçirilən Ümumdünya folklor festivalında laureat adına layiq görülmüş, 1990-cı ildə Ukraynada, 1991-ci ildə isə Estoniyada keçirilən Azərbaycan mədəniyyəti ongünlüklərində iştirak etmişdir.
Cahangir Qaraşovun fədakar və qüsursuz əməyi dəfələrlə yüksək qiymətləndirilmişdir. SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 avqust 1986-cı il tarixli fərmanı ilə «Rəşadətli əməyə görə» medalına, 2013-cü ildə respublika Mədəniyyət Nazirliyinin «Fəxri mədəniyyət işçisi» medalına layiq görülmüş, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə 2014-cü ildə ona «Əməkdar mədəniyyət işçisi» fəxri  adı verilmişdir.
Tədbirdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Toğrul Cavadov, şair-publisist, «Kürün töhfəsi» ədəbi birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nəbi İbrahimov, rayon «Qələbə» qəzeti baş redaktorunun müavini Fəxrəddin Fərzəliyev, şəhər klubunun metodisti Əlizadə Əliyev, rayon ziyalılar ictimai birliyinin sədri Allahverdi Piriyev, Salyan Dövlət Kukla Teatrının direktoru Yavər Cəbrayılov yubilyarı təbrik etmiş, ona möhkəm cansağlığı və yeni yaradıcılıq uğurları arzulamışlar.
Dövlət Kukla Teatrının kollektivi səhnəciklər göstərmiş, məktəblilər yubilyarı şeirlərlə  təbrik etmişlər.
Cahangir Qaraşov çıxış edərək onun əməyinə verilən yüksək qiymətə görə möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevə və rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimova öz adından və ailə üzvləri adından minnətdarlıq etmişdir.
RİH başçısı Tahir Kərimov yubilyara rayon İcra Hakimiyyətinin Fəxri Fərmanını və qiymətli hədiyyəsini təqdim etmiş, tədbirə yekun vurmuşdur.

 

Keçidlər