Şriftin ölçüsü :

Saytın rəngi :

RİH başçısı Tahir Kərimovun Novruz bayramı münasibətilə rayon sakinlərinə təbriki

19 mart 2015 | 16:00

Əziz salyanlılar!


        Sizi xalqımızın ən sevimli və ən müqəddəs bayramı olan  Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, möhkəm cansağlığı və səadət arzulayıram.
        Milli varlıq və mənəviyyat xəzinəsi olan bahar bayramı müdrik əcdadlarımızın bugünkü nəsillərə misilsiz yadigarıdır. Kainatın dəyişməz ahəngi və əbədi qanunları ilə bağlı olan bu el bayramı zamanın sınaqlarından çıxmış çoxəsrlik mədəniyyətimizin parlaq təcəssümüdür. Novruz ənənələri dəyərlər sistemimizdə müstəsna yer tutmuş, xalqımızın təfəkkürünün ayrılmaz tərkib hissəsinə çevrilmişdir. Cəmiyyət üzvləri arasında qarşılıqlı ünsiyyətin, səmimiyyətin gücləndirilməsi və yüksək əxlaqi keyfiyyətlərin formalaşmasında mühüm rol oynayan Novruz bayramı çox haqlı olaraq UNESKO-nun qərarı ilə ümumbəşəri mədəni sərvətlər sırasına daxil edilmişdir.
       Qəlbimizin dərinliklərində kök salaraq milli özünüdərk məfkurəsini yaşatması sayəsində mənəvi mədəniyyətimizin zənginliklərini özündə toplamış qədim Novruz mərasimlərini Azərbaycan xalqı qloballaşmanın vüsət aldığı sürətlə dəyişən dünyada bütün rəngarəngliyi ilə özündə qoruyub saxlamışdır.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bu da tarixi köklərə qayıdışın, milli-mənəvi dəyərlərin bərpasının parlaq nümunəsidir. Respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə Novruz bayramının rəsmi səviyyədə qeyd olunması dövlət müstəqilliyimizin verdiyi töhfələrdəndir. Artıq 20 ildən çoxdur ki, Azərbaycanda Novruz bayramı sözün həqiqi mənasında  el şənliyi, ümumxalq bayramı mahiyyəti daşıyır.
         Respublikamızın hər yerində olduğu kimi, yüksək mənəviyyat xəzinəsi sayılan Novruz bayramı Salyan rayonunda da ümumxalq şənliyi kimi qeyd olunur. Keçən il rayonumuzda möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyevin sərəncamları ilə həmyerlimiz, görkəmli filosof Əli bəy Hüseynzadənin 150 illik, Muğan Babazanlı abidələrinin 2800 illik yubileyləri böyük təntənələrlə, rəngarəng tədbirlərlə qeyd olunmuşdur. Hər iki bayramda nəinki respublikamızdan, hətta xaricdən gəlmiş qonaqlar rayonumuzun sosial-iqtisadi sahədə qazandığı uğurların canlı şahidinə çevrilmişlər.
Yazın gəlişi onun yeniləşdirici ovqatına uyğun Salyan rayonunda aparılan genişmiqyaslı quruculuq-abadlıq işləri və insanlarımızın rifahını əsaslı surətdə yaxşılaşdıran çoxsaylı nailiyyətlərlə səciyyələnir.
       Məlumdur ki, Azərbaycan xalqı Novruz bayramı ərəfəsində abadlıq-quruculuq, yaşıllaşdırma, səliqə-sahman işlərinə xüsusi fikir verir. Bu günlər rayonumuzda da tikinti-quruculuq və abadlıq işləri  geniş vüsət almış, şəhərimizdə, qəsəbə və kəndlərimizdə iməciliklər keçirilir, yaşıllıqlar salınır, küçələrdə və meydanlarda abadlıq işləri görülür.
Hörmətli salyanlılar!
         Sizi bir daha Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər evə, hər ailəyə sonsuz sevinc və bayram ovqatı arzulayıram.
Novruz bayramınız mübarək olsun!


Tahir KƏRİMOV
Salyan rayon İcra Hakimiyyətinin başçısı.

Keçidlər