Xocalı faciəsinin anım tədbiri
Azərbaycanın çağdaş tarixində unudulması mümkün olmayan, bütövlükdə xalqın şüurunda dərin iz salaraq onu daim milli özünüdərk ruhunda kökləyən faciəli hadisələr baş vermişdir. Ermənilərin faşist xislətini, gerçək mahiyyətini çılpaqlığı ilə açan Xocalı soyqırımı da məhz belə dəhşətli hadisələrdən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.
23 il öncə-1992-ci il fevralın 25-dən 26-na keçən gecə amansız cinayətə əl atmış erməni cəlladları dünyanın əzazil, qəddar və qaniçən insanları olduqlarını, terroru dövlət siyasətinə çevirdiklərini bir daha təsdiq etdilər. Bu, kütləvi və amansız soyqırımı aktı Azərbaycanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə qarşı çevrilmiş terror siyasətinin təzahürü olmaqla təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə insanlıq əleyhinə törədilmiş bəşəri cinayətdir. Hüquqi baxımdan yanaşdıqda aydın görünür ki, erməni silahlı birləşmələrinin çirkin niyyəti Xocalı şəhərindəki azərbay-canlıları məhz milli-dini zəmində son nəfərədək qətlə yetirmək olub. Ermənilər hətta beynəlxalq hüquq normalarına görə də ən təhlükəli sayılan soyqırımı cinayətinə məqsədli şəkildə əl atmış, misli görünməmiş qətliam törətmişlər.
Xocalı soyqırımına məhz ümummilli lider Heydər Əliyevin fəal təşəbbüsü və diqqəti sayəsində hüquqi-siyasi qiymət verilib. Azərbaycan torpağının hər bir guşəsinə müqəddəs yer kimi baxan, onun bütövlüyü və müstəqilliyinin qorunması uğrunda yorulmaz mübarizə aparan möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışlarında dəfələrlə söyləyib ki, Azərbaycanın müstəqilliyi əbədidir, Azərbaycan Respublikası müstəqil dövlət kimi daim yaşayacaqdır.
Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın və Fondun vitse-prezidenti Leyla Əliyevanın dəstəyi ilə Xocalı faciəsinin ildönümü dünyanın bir çox yerlərində qeyd edilir. Aparılan geniş təbliğat işləri nəticəsində Meksika, Pakistan, Kolumbiya, İslam Əməkdaşlıq Təşkilatı, Çexiya, Bosniya və Herseqovina, Peru, Honduras kimi ölkələr, ABŞ-ın 15 ştatı Xocalı soyqırımını rəsmən tanıyıb.
Fevralın 26-da Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında Şuranın üzvləri Salyan şəhərinin mərkəzindəki "Şəhidlər" xatirə kompleksinin önünə gələrək buradakı "Əsgər anası" abidəsinin və Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin büstünün önünə gül-çiçək dəstələri düzmüşlər.
Anım mərasimi Mədəniyyət müəssisəsində, Salyan gəncləri tərəfindən ədəbi-bədii dram teatrı ilə davam etdirilmişdir. RİH başçısı Tahir Kərimov, icra başçısı yanında şuranın üzvləri, ictimaiyyətin nümayəndələri teatrın foyesində gənc rəssamların əl işlərinə həyəcanla baxmışlar.
Tədbir iştirakçıları Xocalıda şəhid olmuş və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş həmvətənlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Rayon ictimaiyyətinin nümayəndələri Xocalı soyqırımının dəhşətlərini əks etdirən “Xocalını unutmayaq, unutdurmayaq” adlı ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.