Salyan Rayon İcra Hakimiyyətinin hesabat yığıncağında ötən ilə yekun vuruldu, yeni vəzifələr müəyyənləşdirildi
Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş hesabat yığıncağında görülmüş işlər, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Nazirlər Kabinetinin ötən ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışından irəli gələn vəzifələr geniş təhlil olundu, qarşıda duran işlər müəyyənləşdirildi.
Yığıncaqdan öncə tədbir iştirakçıları Heydər Əliyev parkında ümummilli liderin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri qoydular. Sonra Heydər Əliyev Mərkəzinin foyesində Salyanda istehsal olunmuş kənd təsərrüfatı və sənaye məhsullarından ibarət sərgi ilə tanış oldular.
Hesabat məruzəsi ilə çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə ölkəmizin sosial-iqtisadi inkişafında əldə edilmiş nailiyyətlər, qarşıda duran məsul vəzifələr, gerçəkləşdirilən iri layihələr barədə ətraflı məlumat verəndən sonra rayon həyatının müxtəlif sahələrdəki vəziyyətindən, həlli vacib məsələlərdən söz açdı.
Məruzədə bildirildi ki, ötən il rayonda istehsal və xidmət sahələrinin genişləndirilməsi, sosial obyektlərin tikilməsi, abadlıq-quruculuq işlərinin aparılması istiqamətində tədbirlər davam etdirilmiş, iqtisadiyyatın dinamik inkişafı təmin olunmuşdur. Salyan şəhərində, qəsəbə və kəndlərdə geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, əhalinin zəruri ehtiyaclarının ödənilməsi, rifahının yüksəldilməsi diqqət mərkəzində olmuşdur.
Məruzə ətrafında müzakirələrdə RİH başçısının I müavini Etibar Hüseynov, rayon maliyyə idarəsinin rəisi Mahir Kərimov, rayon Təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, Regional Qaz İstismarı idarəsinin rəisi Xəyyam Rzayev, Heydər Əliyev Mərkəzinin direktoru Ayşən Ələsgərova, rayon ziyalılar birliyinin sədri Allahverdi Piriyev və başqaları çıxış edərək keçən il görülən işlər və qarşıda duran vəzifələrdən danışaraq təklif və rəylərini bildirdilər.
Milli Məclisin deputatları Əliağa Hüseynov və Fəzail Ağamalı çıxış edərək respublikamızda, o cümlədən rayonda aparılan genişmiqyaslı tikinti-abadlıq işlərindən danışdı, Salyanın hazırda inkişaf dövrünü yaşadığını diqqətə çatdırdı, şəhərdə, qəsəbə və kəndlərdə həyata keçirilən işləri yüksək qiymətləndirdilər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev hesabat yığıncağında çıxış etmişdir. O, öz çıxışında ölkədə bütün sahələrdə gedən dinamik inkişafdan, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramından irəli gələn vəzifələrin uğurla həyata keçirilməsindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daxili və xarici siyasət sahəsində gördüyü işlərdən, habelə dinamik inkişaf yolunda olan Salyan rayonunda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söz açdı, hesabat məruzəsini müsbət qiymətləndirdi.
İclasda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul olundu.
Sonda iclas iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edildi.