“27 sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar “Şəhidlik Zirvəsi: Milli Kimlik və Tarixi Yaddaş” mövzusunda tədbir keçirilib.
“27 sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar “Şəhidlik Zirvəsi: Milli Kimlik və Tarixi Yaddaş”
mövzusunda tədbir keçirilib.
Salyan Rayon Heydər Əliyev Mərkəzində “27 sentyabr - Anım Günü”nün beşinci ildönümü ilə əlaqədar “Şəhidlik Zirvəsi: Milli Kimlik və Tarixi Yaddaş” mövzusunda tədbir keçirilib. Öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbir boyu şəhidlərimizin şəkillərini əks etdirən videoçarx nümayiş olunub. Tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatının sədri Elmar Əhmədov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Nübar Bayramova, Səfərbəylik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin zabiti, leytenant Xəyal Musayev, Salyan şəhər 1 saylı humanitar fənlər təmayüllü məktəb-liseyin müəllimi Bəhram Bağırov və rayon Ziyalılar Birliyinin sədri Allahverdi Piriyev çıxış edərək qeyd ediblər ki, 27 Sentyabr - Anım Günü xalqımızın qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biridir. Bu gün təkcə şəhidlərin xatirəsini anmaq deyil, həm də Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman övladlarımızın Vətən sevgisini, mübarizə ruhunu gənc nəslə çatdırmaq baxımından xüsusi əhəmiyyət daşıyır. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Ordusunun şücaəti, xalqımızın birliyi və Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi sayəsində tarixi Zəfər qazanılmışdır. Bu qələbənin əldə olunmasında şəhidlərin qanı, qazilərin fədakarlığı mühüm rol oynamışdır. Onların göstərdikləri igidlik daim ehtiramla yad olunmalı, gələcək nəsillərə örnək göstərilməlidir. Həmçinin bildirilib ki, “Şəhidlik zirvəsi” Azərbaycan xalqının milli kimliyinin, dövlətçilik iradəsinin və tarixi yaddaşının ən ali dəyəridir. Şəhidlərin əziz xatirəsini yaşatmaq hər birimizin müqəddəs borcudur. Sonra tədbir Salyan Rayon Tarix-Diyarşünaslıq Muzeyində davam etdirilib. Tədbir iştirakçıları “27 Sentyabr - Anım Günü” ilə əlaqədar təşkil olunmuş “Əmanət qalan izlər” adlı sərgi ilə tanış olublar. Sərgidə Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızın şəxsi əşyaları, fotoları və digər xatirə nümunələri nümayiş etdirilib.






