31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Salyan rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki
Salyan rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki
Əziz salyanlılar!
Sizi 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və qarşıdan gələn Yeni il – 2015-ci il münasibətilə səmimi-qəlbdən təbrik edirəm. 20 ildən çoxdur ki, Dünya Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviyyədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma bayram olan Dünya Azərbaycanlılarının Həmrəylik Günü dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızın birliyinin yaradılması məqsədilə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Bu barədə ilk qərar 1991-ci ilin dekabr ayının 16-da ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində qəbul edilmiş və artıq 23 ildir ki, dünya azərbaycanlıları bu günü ümummilli birliyin, həmrəyliyin rəmzi kimi yüksək səviyyədə qeyd edirlər.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis edilməsi həm də müxtəlif qitələrdə yaşayan həmvətənlərimiz arasında siyasi-iqtisadi, mədəni münasibətlərin genişlənməsinə imkan yaratmışdır. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ilin noyabr ayında Bakıda Dünya Azərbaycanlılarının I qurultayı, 2006 və 2011-ci illərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının II və III qurultayları keçirilmişdir. Azərbaycan xalqı və dövləti üçün 2014-cü il də siyasi-iqtisadi və sosial-mədəni həyatda böyük uğurlar əldə edilmiş, iqtisadiyyat dinamik inkişaf yolunda olmuş, ölkəmizin büdcəsi artmış, pensiyalar, təqaüdlər, müavinətlər yüksəlmişdir.
Yola salmağa hazırlaşdığımız 2014-cü il Salyan rayonu üçün də sosial-iqtisadi sahədə qazanılan uğurlarla əlamətdardır. Belə ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Salyan torpağının yetirməsi, görkəmli filosof, ictimai fikir adamı Əli bəy Hüseynzadənin anadan olmasının 150 illiyi respublikamızın paytaxtı Bakı şəhərində, habelə doğma Salyanda yüksək səviyyədə keçirilmiş, görkəmli mütəfəkkirin tarixi qiyməti verilmişdir. Bu il salyanlılar üçün ən unudulmaz hadisələrdən biri də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Muğan Babazanlı abidələrinin 2800 illiyi haqqında imzaladığı Sərəncama müvafiq olaraq bu ilin oktyabr aının 24-də Salyan şəhərində əlamətdar yubiley tədbirinin keçirilməsi və bu bayram tədbirində Azərbaycandakı müxtəlif səfirliklərin nümayəndələrinin, nazirlik və komitə rəhbərlərinin, Milli Məclisin deputatlarının, respublikanın bir sıra regionlarından gəlmiş hörmətli qonaqların iştirak etməsi oldu. Möhtərəm dövlət başçımızın Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan rayon İcra Hakimiyyəti ilə birlikdə keçirdiyi bu möhtəşəm bayram təntənələri salyanlıların böyük sevincinə və razılığına səbəb olub.
Qarşıdan gələn 2015-ci ildə də Salyan rayonunda əzəmətli tikinti-quruculuq işləri aparılacaq, regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramında nəzərdə tutulan işlər uğurla yerinə yetiriləcəkdir.
Hörmətli rayon sakinləri!
Sizi bir daha 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edir, hər birinizə uzun ömür, möhkəm cansağlığı, ailənizdə xoşbəxtlik və firavan günlər arzulayıram.
Tahir KƏRİMOV,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.