Yeni çörək zavodunun açılışı oldu
Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları, Sahibkarlığa Kömək Milli Fondu çərçivəsində rayonumuzda özəl sektorun xüsusi çəkisi getdikcə artır. Şəhərimizdə «Sünbül-2012» müəssisəsinə məxsus yeni çörək zavodunun istifadəyə verilməsi də buna əyani sübutdur.
07 noyabr 2014-cü il tarixdə yeni müəssisənin açılış mərasimi keçirilmişdir. Tədbirdə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şura üzvləri, idarə, müəssisə rəhbərləri, ictimaiyuyətin nümayəndələri iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin I müavini Etabr Hüseynov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin özəl sektora göstərdiyi diqqət və qayğıdan danışdıqdan sonra yeni müəssisənin direktoru, iş adamı Nurəddin Nəcəfov açılışa toplaşanları salamlayaraq demişdir ki, indi ölkəmiz sənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə çox sürətlə inkişaf edir, regionlarımız öz simasını dəyişir. Başqa yerlərdə olduğu kimi, qədim Salyanımız da gözəlləşir, müasirləşir. Yeni binalar ucalır, təzə ünvanlar yaranır. Bu ünvanların içində yeni istifadəyə verilən müəssisələr də vardır.
Bu gün açılışına toplaşdığımız çörək zavodu hörmətli Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə yaradılmış Sahibkarlığa Kömək Milli Fondunun maliyyə dəstəyi ilə ərsəyə gəlmişdir.
Direktor bildirmişdir ki, yeni zavod 33 nəfər salyanlının iş yeridir. Burada iki növbəli iş rejimi təşkil edilib. İstehsalat və məişət şəraiti çox yüksək səviyyədədir. Dünyanın ən məhsuldar, texniki imkanları qaz, işıq və digər yanacaqla işləməyə imkan verən, ekoloji cəhətdən tullantısız zavod qurulmuşdur. Zavodun ümumi ərazisi 1050 kvadratmetrdir. Burada istehsal sahələri ilə yanaşı, qazanxana, anbar, elektrik transformatorlarının yerləşdiyi mini stansiya, qəza generatorları, həmçinin işçilər üçün hər cür şəraiti olan soyunub-geyinmə otaqları tikilimişdir. Zavodda 3 adda məhsul istehsal ediləcəkdir. Müxtəlif çəkidə «baton», dairəvi, ənənəvi zavod çörəkləri, şəkərli diabetlər üçün tərkibi fərqli qara çörəklərin istehsalı mənimsənilib.
Tədbirdə rayon ziyalılar cəmiyyətinin sədri Allahverdi Piriyev yeni müəssisənin açılışı münasibətilə ictimaiyyət nümayəndələrini təbrik etmiş, arzulamışdır ki, hər bir ailənin süfrəsində Salyan çörəyi, yeni zavodun istehsalı olan məhsullar olsun.
Tədbirdə RİH başçısı Tahir Kərimov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi ilə Salyan rayonunun Qaraçala, Qarabağlı, Kürsəngi, Xalac, Qaraqaşlı və başqa kəndlərdə istifadəyə verilmiş sahibkarlıq subyektlərinə məxsus emal müəssissələrinin adını çəkmiş və bu gün şəhər mərkəzində fəaliyyətə başlayan yeni çörək zavodunun da bu siyasətin davamı olduğunu vurğulamışdır. RİH başçısı qeyd etmişdir ki, yeni müəssisədə istehsalın avtomatlaşdırılması, itkisiz və ekoloji texnogiyanın tətbiqi çox əlamətdardır.
Daha sonra RİH başçıı müəssisənin fəaliyyətə başlamasını bildirən qırmızı lenti kəsmişdir. Tədbir iştirakçıları yeni texnologiya ilə işləyən zavodun iş prinsipi ilə yaxından tanış olmuşdur. Istehsal gücü gündə 20 ton olan zavodun işçiləri Bakı şəhərində təkmilləşdirmə və ixtisasartırma kurslarında olmuşlar. Zavodun işi ilə tanış olan tədbir iştirakçıları yeni zavodda isti çörəkdən dadmış və çörəkçilərə uğurlar arzulamışlar.