Heydər Əliyev mərkəzində gənclərlə görüş
Dinamik inkişaf edən, regionun lider dövləti kimi tanınan Azərbaycan dövlətinin qısa zaman tarixində qazandığı möhtəşəm nailiyətlər dünyanın diqqət mərkəzindədir. Ölkəmizin sürətli inkişafı, iqtisadi və sosil sahədə həyata keçirilən layihələr, hüquqi dövlət quruculuğu və digər sahələrdəki irəliləyişlərin nə qədər effektli və uğurlu olduğunu beynəlxalq ekspertlər də etiraf edirlər. Azərbaycanda dövlət tərəfindən huğurla həyata keçirilən istiqamətlərdən biri də gənclər siyasətidir. Heydər Əliyev mərkəzində Salyan rayon prokuroru, baş ədliyyə müşaviri Firdovsi Nemətli ilə keçirilən görüşdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən gənclər siyasətnin uğurları və perspektivləri, bu gün rayon gənclərini narahat edən məsələlər barədə ciddi söhbətlər getmiş, fikir mübadiləsi olmuşdur. Tədbirdə rayon gənclər təşkilatlarının, ali məktəb tələbələrinin və orta məktəb şagirdlərinin, idarə, müəssisə rəhbərləri, QHT təmsilçiləri iştirak edirdilər.
Rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov çıxış edərək bildirmişdir ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətini müasir mərhələdə prezident İlham Əliyev uğurla davam etdirir. Ötən dövrdə Azərbaycanda gənclər siyasəti daha da genişləndirilərək mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Azərbaycanda həyata keçirilən Dövlət Proqramları və digər dövlət sənədləri gənclərin hərtərəfli inkişafına xidmət edir.
Bütün bunlarla yanaşı qloballaşan dünyada gənclərimizin hüquqi maariflənməsinin əhəmiyyəti ciddi önəm kəsb edir. Hələ də gənclər, yeniyetmələr, məktəblilər arasında müxtəlif hüquqpozmalar mövcuddur. Rayonumuzun hüquq-mühafizə orqanları, o cümlədən rayon prokurorluğu cinayəti və cinayəti doğuran səbəblərin aradan qaldırılması, hüquqi maarifləndirmə işini daim diqqəttə saxlamaqla müxtəlif profilaktiki tədbirlər həyata keçirir.
Sonra rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov rayon prokuroru F.Nemətlinin prokurorluq sistemində keçdiyi həyat yolu, iş üslubu və digər keyfiyyətləri barədə danışmış, gənclərin onu dinləməyin vacib olduğunu vurğulamışdır.
Salyan rayon prokuroru Firdovsi Nemətli gənclər qarşısında çıxış etmişdir. O qeyd etmişdir ki, cinayətkarlıq ictimai hadisədir. Və cəmiyyətdəki insanların sosial vəziyyətini, düşüncəsini, həyat tərzini və hadisələrə münasibətini əks etdirir. Dünyada ictimai asayişin qorunması, cinayətkarlığın səviyyəsinin azaldılması istiqamətində nə qədər qanunlar qəbul edilsə də, bu halın qarşısını almaq mümkün olmamışdır. İctimai asayişin qorunması hüquqi dövlət quruculuğu istiqamətində ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz rolu vardır. Ölkəmizdə insanların dünyanın ən layiqli əşrəfi kimi yaşaması, işləməsi üçün hər cür şərait vardır. Lakin bütün bunlara baxmayaraq respublikamızda müxtəlif kateqoriyalara məxsus insanlar, o cümlədən gənclər arasında neqativ halların, qanun pozuntularının statistikası ürəkaçan deyildir. Bütün bunlar sırasında mən gənclərlə daha çox bağlı olan halları sadalamaq istərdim. Bunlar narkomaniya, erkən nikah və intihar hallarıdır. Hər biri haqqında onlarla misal çəkmək olar ki, məhz bu hallar gənclərimizin layiqli vətəndaş kimi inkişaf etmələrinə ciddi mane olur. Narkomaniya bəşəri faciədir. Təcrübəmdən hələ onun tam sağalma nümunəsini görməmişəm. Erkən nikahı milli mentalitetlə bağlamağın mənası yoxdur. İntihar halları isə təkcə psixoloji durumla deyil, həmçinin müxtəlif məişət problemləri, təhsilin aşağı olması, sosial vəziyyət və digər məsələlərlə bağlıdır.
Sonra rayon prokuroru işlədiyi dövrlərdə gənclər arasında baş verən digər qanun pozuntuları barədə məlumat verdi. Qeyd etdi ki, biz Qarabağ döyüşlərində cəmi 10-12 min vətəndaş itirmişiksə, hər il Azərbaycan yollarında sürətin artırılması, sərxoşluq və digər hallar zəminində min nəfər vətəndaşımızı itiririk. Halbuki bizim sağlam, işgüzar, sosial və iqtisadi həyatda öz layiqli yerini gözləyən gənclərə çox ehtiyac vardır.
Rayon prokuroru ilə görüşdə Azərbaycan Müləllimlər İnstitutunun Salyan filialının, rayonumuzun tam orta məktəblərinin tələbə və şagirdləri, gənc müəllimlər müxtəlif suallarla çıxış etmişlər. Rayon prokuroru ona ünvanlanan bütün sualları ətraflı cavablandırmışdır.
Sonra rayon İcra hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov maraqlı görüşə görə rayon prokuroru Firdovsi Nemətliyə gənclər adından minnətdarlığını bildirmişdir.