Muğan Babazanlı abidələrinin 2800 illiyi Salyanda böyük bayram təntənələri ilə qeyd olundu
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq oktyabrın 24-də Salyan şəhərində qədim yaşayış məskəninin – Muğan Babazanlı abidələrinin 2800 illiyi böyük bayram təntənəsi ilə qeyd edildi. Tədbir ərəfəsində Salyan bayram libasına bürünmüşdü. Şəhərin ərazisindən keçən respublika əhəmiyyətli yollar, Kür çayı üzərindəki körpü, şəhərin Bayraq Meydanı, ayrı-ayrı məhəllələr öz simasını dəyişmiş, bayramsayağı bəzədilmişdi.
Dövlət Bayrağı Meydanında qarşılanma mərasimi
Bayram tədbirləri Salyan şəhərindəki Bayraq Meydanından başladı. Bayram tədbirində Azərbaycandakı diplomatik korpusun nümayəndələri, nazirlik və komitə rəhbərləri, Milli Məclisin deputatları, respublikanın bir sıra regionlarından gəlmiş hörmətli qonaqlar iştirak edirdilər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tədbirə gələn qonaqları salamlayaraq bildirdi ki, tariximizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin uzaq-yaxın keçmişinə, indisinə və gələcəyinə böyük qayğı və həssaslıqla yanaşan möhtərəm Prezidentimiz cənab İlham Əliyev 29 oktyabr 2013-cü il tarixdə «Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında» Sərəncam imzalamışdır. Ulu əcdadlarımızın ən qədim zamanlardan etibarən bu yerlərdə məskunlaşdıqlarını, Salyan rayonunda Muğan arxeoloji mədəniyyətinin mərkəzi kimi tanınmış Babazanlı ərazisində son vaxtlar aparılan qazıntılar 2800 il bundan əvvəlki dövrə aid yaşayış məskəninin aşkarlanmasını bir daha təsdiqlədi. Ölkə başçısının bu Sərəncamı hər bir salyanlının qəlbində sonsuz sevinc və fərəh hissləri doğurmuşdur. Salyan şəhərində aparılan tikinti-quruculuq, abadlıq işləri daha da genişləndirilmiş, bir sıra digər tədbirlər də həyata keçirilmişdir.
Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev tədbirdə çıxış edərək bildirmişdir ki, möhtərəm Prezidentimizin Sərəncamına uyğun olaraq Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Salyan rayon İcra Hakimiyyəti ilə birlikdə Muğan Babazanlı abidələrinin 2800 illiyinin qeyd olunmasına dair tədbirlər planını hazırlayıb həyata keçirmişlər. Bugünkü tədbirdə respublikamızın görkəmli mədəniyyət və incəsənət ustalarının fəal iştirak etməsi buna əyani sübutdur. Biz inanırıq ki, bu tədbir Salyanın sosial-iqtisadi inkişafına güclü təkan verəcək, respublikanın Cənub bölgəsinin qapısı hesab edilən Salyanın toy-büsat günləri daha da çox olacaqdır.
Respublikanın Xalq artistləri Nurəddin Mehdixanlı və Məleykə Əsədovanın aparıcılığı ilə keçən qarşılanma mərasimində doğma Azərbaycanımızın və onun dilbər guşəsi olan Salyan rayonunun müstəqillik illərində əldə etdiyi nailiyyətlərdən söz açılmış, ulu öndərimiz Heydər Əliyevin siyasi xəttinin ləyaqətlə yerinə yetirildiyi xüsusi qeyd olunmuşdur. Azərbaycan Respublikasının xor kapellasının möhtəşəm çıxışından sonra mahnı və rəqs ansamblının maraqlı ifaları şənliyə qatılanlara xoş anlar yaşatdı. Topdan atılan yaylım atəşindən sonra qonaqlar və Salyan rayon ictimaiyyətinin nümayəndələri süvarilərin və motosikletçilərin müşayiəti ilə Salyan şəhərindəki Heydər Əliyev parkına gələrək ümummilli liderin abidəsini ziyarət etmiş, xatirəsi önündə baş əymişlər.
Heydər Əliyev Mərkəzinə toplaşan bayram tədbirinin iştirakçıları iki salyanlı gəncin nikah mərasiminin iştirakçılarına çevrilmişlər. Təntənəli şəkildə nikah mərasimləri keçirilən gənclər və tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuşlar.
Qala şəhərcikdə bayram tədbiri
Yubiley tədbirinə xüsusi hazırlaşan salyanlılar Azərbaycan xalqının ictimai-siyasi xadimi, bu yaxınlarda möhtərəm Prezidentimiz cənab İlham Əliyevin anadan olmasının 150 illiyi respublika səviyyəsində qeyd edilən Əli bəy Hüseynzadənin heykəlinin qarşısındakı meydanda xüsusi kompozisiyalarla qədim şəhər mənzərəsini yaratmışdılar. Qurulan şəhərcik meydana qədimlik, alınmazlıq simvolu olan qala görkəmi vermişdi.
Şəhərciyi qədim geyimli süvari dəstəsi qoruyurdu. Ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin birlikdə çəkilmiş şəklini özündə əks etdirən və meydanın üzərində səmada dayanan nəhəng hava şarı tədbirə bayram əhval-ruhiyyəsi qatmışdı. Meydana doğru irəliləyən qonaqlar və onlara qoşulan izdiham qala şəhərciyə daxil oldular. Burada qala divarları boyu sıralanmış müxtəlif eksponatlar nümayiş etdirilirdi. RİH başçısı Tahir Kərimov ilk sırada düzülmüş Salyan Babazanlı abidələrinin nümunələrini qonaqlara göstərdi. Həqiqətən də bu tarixi abidələr tədbir iştirakçılarında, xüsusən xarici qonaqlarda böyük təəssürat oyatdı. Tədbir iştirakçıları sonra qala divarları boyu sıralanmış guşələrdə qədim Salyanın həyat və məişətini, insanların məşğuliyyətini əks etdirən müxtəlif əşyalara, sənət nümunələrinə, qədim dini kitablara maraqla tamaşa etdilər.
Şərq bazarı silsiləsində iştirakçılar keçmişdə Salyanda istehsal olunan kənd təsərrüfatı məhsulları, sənətkarlıq, ovçuluq, balıqçılıq və digər məhsullarla tanış oldular, Salyan mətbəxinin nümunələrindən daddılar. Sonra RİH başçısı Tahir Kərimov və qonaqlar izdihamın alqışları altında xüsusi qurulmuş kürsüyə qalxdılar.
Yubiley təntənəsi rayon idmançılarının, rayon təhsil və səhiyyə işçilərinin, ayrı-ayrı idarə və təşkilatların kollektivlərinin bir-birinin ardınca meydandan keçidi ilə davam etdi. Dəvə karvanı, atlı çaparlar, qədim cəngavərlərin geyimində olan döyüşçülər iştirakçıları xəyalən neçə-neçə əsr bundan qabağa aparırdı. Meydana «Muğan Babazanlı abidələrinin 2800 illiyi» yazılmış xüsusi maşın-qurğunun üzərində hərəkət edən bu yurdun simvollarını ehtiva edən darülmöminlərin, Əli bəy Hüseynzadənin, Xəlil Rza Ulutürkün, aşıq sənəti yaradıcılarının prototipləri tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılandı.
Meydanda isə çox-çox qədim dövrlərin ab-havası var idi. Burada ticarət, bazar meydanı, dulusçuluq, xalçaçılıq, ovçuluq, balıqçılıq və Azərbaycan məişətinin bir çox atributlarını əks etdirən guşələrlə tanış olduqdan sonra yerli və xarici qonaqlar gördüklərindən olduqca məmnun qaldılar. Burada mütəkkəyə dirsəklənərək qəlyan çəkən qocalara, elə meydanda bişirilmiş isti təndir və sac çörəkləri ilə kabab yeyən gənclərə, çay içən insanlara, öz məhsullarını tərifləyən tacirlərə, kiçik bəzzaqlara rast gəlmək mümkün idi. Dəvə karvanı, atlı çaparlar, qədim cəngavərlərin geyimində olan döyüşçülər bizi neçə-neçə əsr bundan əvvələ aparırdı. Rayonun idmançıları, ayrı-ayrı idarə, müəssisə, təşkilatların kollektivləri bir-birinin ardınca meydandan gəlib keçməklə qədim və həmişəcavan Salyanın inkişaf tarixinin müəyyən mərhələlərini nümayiş etdirdilər. Rayonun, habelə respublikamızın bir neçə regionundan gəlmiş folklor və bədii özfəaliyyət kollektivləri bacarıq və məharətlərini nümayiş etdirdilər. Salyanın «Cəngi», Naxçıvanın «Şərur», Masallının «Halay», Lənkəranın «Nənələr», İsmayıllı rayonu İvanovka kəndinin «Slavyanoçka», Lerikin «Uzunömürlülər-rəfti» folklor kollektivlərinin çıxışları tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Hərbi geyimli məktəblilər, gənc İlhamçılar və Heydərçilər, cizgi filmlərinin personajları və bağça uşaqları tədbir iştirakçılarının qarşısından keçdilər. İdmançılar, velosipedçilər və pəhləvanların nümunəvi çıxışları, səhəngli qızlar, Salyandakı toy-düyün adətlərini əks etdirən «Toy karvanı» tədbirin rəngarəngliyini daha da artırırdı.
Qonaqlara Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə bağlı xatirə hədiyyələri təqdim olunduqdan sonra tədbir Salyan şəhərində ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parkda davam etdirildi.
Heydər Əliyev parkında geniş konsert proqramı
Həmin gün ulu öndər Heydər Əliyevin adını daşıyan park çox izdihamlı idi. Bayram libasında olan minlərlə salyanlı Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə Salyan rayon İcra Hakimiyyətinin birgə təşkil etdikləri konsert proqramının iştirakçılarına çevrilmişdilər. Azərbaycan Milli Televiziyasının aparıcıları Vüsal Həsənov və Nailə Babayeva doğma respublikamızın, habelə Salyan rayonunun 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının yerinə yetirilməsi sahəsində doqquz ayda əldə olunan nailiyyətlərdən söz açdılar. Vurğulandı ki, 1993-cü ilin iyun ayında yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanı xaosdan, anarxiyadan, vətəndaş müharibəsindən xilas etdi. Heç təsadüfi deyil ki, Salyan torpağının yetirməsi, Azərbaycanın Xalq şairi Xəlil Rza Ulutürk müstəqil dövlətimizin dahi memarı Heydər Əliyevi XX əsrin əvvəllərində Türkiyəni məhv olmaq təhlükəsindən xilas edən Mustafa Kamal Atatürkə bənzədərək yazırdı:
Azadlıq Allahıtək əyləşib öz yerində,
Yerin-göyün nuru var peyğəmbər gözlərində.
Sadəliyi nur saçır, əzəməti dərində,
Gedir polad çiynində Kəpəz, Qoşqar boyda yük,
Dədə Heydər – Atatürk!
Tədbirdə vurğulandı ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev 10 avqust 2006-cı ildən 4 sentyabr 2013-cü ilə kimi dövlət başçısı kimi 7 dəfə Salyan rayonuna səfər etmişdir. Bu səfərlərdə təməlqoyma, açılış mərasimləri keçirilmişdir. Salyan olimpiya idman kompleksinin, 110-220 kv-luq «Salyan» yarımstansiyasının, mərkəzi xəstəxananın əsaslı təmirdən sonra istifadəyə verilməsinin, Qardili kənd tam orta məktəbinin, Salyan soyuducu kameralarının, Salyan uşaqların texniki yaradıcılıq mərkəzinin, əsaslı təmirdən sonra istifadəyə verilən Cümə məscidinin, Kür daşqınlarından evləri yarasız vəziyyətə düşmüş Salyan şəhər sakinləri üçün inşa edilmiş şəhərciyin açılış mərasimləri heç də bu tədbirlərin tam siyahısını əks etdirmir. Cənab Prezident Salyanın sosial-iqtisadi inkişafına dair 7 Sərəncam imzalamaqla bu bölgənin inkişafına gözəl töhfələrini vermişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin deputatı İsa Həbibbəyli tədbirdə çıxış edərək demişdir:
-Salyanın tarixinin müəyyənləşdirilməsində akademiyanın alimlərinin əməyi çoxdur. Onlar burada gərgin və səmərəli iş apararaq küp qəbirlərinin 2800 il bundan əvvəlki dövrə aid olduğunu öyrənmişlər. Burada Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimovun da əməyini qiymətləndirmək lazımdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə əlaqədar imzaladığı Sərəncam keçmişimizi öyrənmək, ona hörmətlə yanaşmaq baxımından çox əhəmiyyətlidir. Doğma Azərbaycanımızın inkişafı, habelə bölgələrin, xüsusən də Salyan rayonunun tərəqqisi içimizdən gələn bir xoş duyğu yaradır: - Bəli, ulu öndərimiz Heydər Əliyevin dediyi kimi, xoşbəxtik ki, biz azərbaycanlıyıq. Xoşbəxtik ki, bu ölkənin İlham Əliyev kimi praqmatik bir Prezidenti, rəhbəri var. Azərbaycan arxeoloqlarının Salyanda apardıqları tədqiqatlar onu göstərdi ki, Kür-Araz, Xocalı-Gədəbəy mədəniyyətləri ilə yanaşı, Muğan Babazanlı mədəniyyəti də mövcuddur. Burada gələcəkdə aparılacaq arxeoloji qazıntılar olduqca maraqlı faktları aşkara çıxaracaqdır. Mən belə hesab edirəm ki, Babazanlıda əldə olunan bu nailiyyətlər Azərbaycan elminin öz dövləti, xalqı ilə birlikdə qazandığı uğurdur, ulu öndərimiz Heydər Əliyevin ölməz ideyalarının təntənəsidir. Biz bu gün Salyanın son illərdə dəyişib abadlaşdığının əyani şahidi olduq. Bütün bunlar ölkə rəhbərinin regionlara göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova əlamətdar bayram münasibətilə salyanlıları təbrik edərək bildirdi ki, Babazanlıda aparılan tədqiqatlar bir daha göstərdi ki, müasir Salyan rayonunun ərazisi Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir. Olduqca münasib bir ərazidə yerləşən, bol sulu Kür çayı və zəngin florası, faunası olan, düzənlikləri əhatə edən Salyanın ərazisində ən qədim yaşayış məskənləri və sivilizasiya mərkəzləri olmuşdur. İftixar və qürur hissi ilə bildirirəm ki, rəhbərlik etdiyim institutun mütəxəssislərinin Babazanlı dağında apardığı arxeoloji qazıntılar zamanı tapılan küp qəbirlər maddi mədəniyyət nümunələri Azərbaycanın qədimliyini, ululuğunu bir daha sübut edən faktlardır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Salyan arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru, professor Arif Məmmədovun çıxışı da hərarətlə qarşılandı. Ünlü alim vurğuladı ki, 2011-ci ilin payızında Ələt – Masallı magistral yolunun çəkilişi ilə əlaqədar Babazanlı karxanasında torpaq işləri görülərkən ekskavatorun çalovu iri küp qəbiri üzə çıxardı. Salyan rayon İcra Hakimiyyəti bu tapıntı ilə əlaqədar institutumuza ünvanladığı məktub əsasında apardığımız arxeoloji qazıntıların nəticəsində burada qədim qəbiristanlıq və ona müvafiq yaşayış yeri aşkarlandı. Aşkara çıxardığımız Muğan mədəniyyəti abidələri bir daha göstərdi ki, Azərbaycanda ilkin dövlətçilik qurumlarının yaranmasında Salyanın da özünəməxsusluğu var. Muğanın qədim mənşəli oturaq türk tayfaları burada əkinçilik, maldarlıq və sənətkarlıqla məşğul olmuşlar. Biz inanırıq ki, burada elmi sensasiya doğura biləcək yeni kəşflər də olacaqdır. Çünki Noxudluda və Babazanlıda aparılan arxeoloji qazıntılar burada 6 min illik bir tarixə işıq tutmağa imkan verəcəkdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov çıxış edərək bildirdi ki, 2011-ci ilin dekabr və 2012-ci ilin oktyabr aylarında Salyan rayon İcra Hakimiyyətinin AMEA-nın, Respublika Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə «Salyanın arxeoloji və memarlıq irsi» mövzusunda elmi-praktik, «Salyan – 2800 il» mövzusunda beynəlxalq elmi-praktik konfranslar keçirildi. Bu konfranslarda respublikamızın arxeoloqları ilə yanaşı, bir çox ölkələrin tanınmış alimləri və mütəxəssisləri də iştirak etmişlər. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Muğan Babazaqnlı abidələrinin 2800 illiyinin qeyd edilməsi haqqında Sərəncam imzalaması bu tədbirin məğzini və mahiyyətini daha da artırır.
RİH başçısı T.Kərimov bir daha tədbirə gələn qonaqlara minnətdarlığını bildirərək Salyan rayonunun sosial-iqtisadi sahədə bundan sonra da böyük uğurlara imza atacağını və möhtərəm Prezidentimiz cənab İlham Əliyevin irəli sürdüyü əzəmətli vəzifələrin yerinə yetirilməsində salyanlıların fəal iştirak edəcəyini vurğuladı.
Heydər Əliyev parkında keçirilən bayram konsertində «Cəngi» nəfəs alətləri orkestri, yerli mədəniyyət ustalarından Aqil Cəbiyev, Amil Manafov, Natiq Məmmədov tamaşaçılar qarşısında çıxış etdilər. Respublikamızın tanınmış sənətçilərindən Məleykə Əsədova, Aşıq Əhliman, Elza Seyidcahan, Gülyaz Məmmədova, Teymur Əmrah, Ramil Qasımov, Aynur İsgəndərli, Arzu Əliyeva, Rəşad İlyasov, Naxçıvanın «Şərur», Lənkəranın «Nənələr», İsmayıllı rayonu İvanovka kəndinin «Slavyanoçka» folklor kollektivləri rəngarəng konsert proqramı ilə çıxış etdilər. Respublikanın Xalq artisti Mübariz Tağıyevin Azərbaycanın son illərdə qazandığı uğurları tərənnüm edən mahnısı atəşfəşanlığın qırmızı, sarı, yaşıl işıqları altında daha möhtəşəm, daha əzəmətli səslənirdi.