Qurban bayramı münasibətilə Salyan rayon İcra Hakimiyyəti başçısının rayon sakinlərinə təbriki
Hörmətli salyanlılar!
Sizi dünya müsəlmanlarının həmrəylik və mənəvi birlik rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə səmimi arzularımı və diləklərimi yetirirəm. Xeyirxahlığın, bərabərliyin, fədakarlığın simvolu olan Qurban bayramı insanların imkansız, ehtiyacı olan şəxslərə göstərdikləri xeyirxah amalların və qardaşlıq duyğularının ifadəsidir. Bu əziz günün Azərbaycanda dövlət səviyyəsində qeyd edilməsi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycana rəhbərlik edən ulu öndərimiz Heydər Əliyev xalqımızın öz əxlaqi-mənəvi dəyərlərinə, dini sərvətlərinə yiyələnməsi üçün Qurban bayramının dövlət səviyyəsində qeyd olunmasını rəsmiləşdirmişdir. Xalqımız hər il müqəddəs Qurban bayramında Ulu Tanrının adına qurbanlar kəsir, geniş xeyriyyəçilik işləri görür.
Respublikamızın bütün guşələrində olduğu kimi, Salyan rayonunda da Qurban bayramı yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir. Ulu Öndərimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə və dini ənənələrimizə olan sonsuz ehtiramını möhtərəm Prezidentimiz cənab İlham Əliyev uğurla davam etdirir. Cəmiyyətimizdə milli-mənəvi həmrəyliyin, saflığın, mərhəmətin, humanizm ideyalarının təntənəsinə çevrilən qurban mərasimləri insanları həmişə sülhə, əmin-amanlığa dəvət edir.
Əziz bacı və qardaşlarımız!
Mübarək Qurban bayramı günlərində bir daha Sizi təbrik edir, hər birinizə səmimi təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bol ruzi və xeyir-bərəkət arzulayıram.
Qurban bayramınız mübarək olsun!
Tahir KƏRİMOV,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.