Salyan rayon təhsil işçilərinin sentyabr konfransı
Sentyabrın 11-də Salyan şəhərindəki Heydər Əliyev Mərkəzində müəllimlərin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, respublika Təhsil Nazirliyinin məsul işçisi Ağababa İbrahimov, məktəb direktorları, qabaqcıl pedaqoqlar və ictimaiyyətin nümayəndələri iştirak etmişdir.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüşlər.
Konfrans Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlanmışdır..
Rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov «2013-2014-cü tədris ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələr» mövzusunda məruzə etmişdir. O, Ulu Öndər Heydər Əliyevin təhsil strategiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq son illərdə rayonumuzda təlim-tərbiyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. Natiq vurğulamışdır ki, rayonumuzda mövcud olan 55 ümumtəhsil məktəbində 17.500 nəfərdən çox uşaq təhsil alır. Onların təlim-tərbiyəsi ilə 2.250 nəfər müəllim məşğul olur. Məktəbdənkənar təhsil müəssisələrinə 2 minə qədər uşaq cəlb olunmuşdur. Son üç ildə rayonda müasir standartlara cavab verən 7 məktəb tikilib istifadəyə verilmişdir. Plastik yaşayış massivində 640 yerlik üçmərtəbəli yeni məktəb binasının istifadəyə verilməsi həmin massivin əhalisinin böyük razılığına səbəb olmuşdur. Hal-hazırda Peyk kəndində 200 yerlik yeni məktəbin tikintisi davam edir. Yaxın illərdə rayonumuzda daha 6 yeni məktəb binası inşa olunacaq, 16 məktəb əsaslı təmir ediləcək, yeni sinif otaqları və idman zalları yaradılacaqdır.
Məruzədə vurğulandı ki, təhsil müəssisələri müasir inventar və avadanlıqlarla, kompüter texnologiyaları ilə təmin edilib. 29 şagirdə 1 kompüter proqramına uyğun olaraq təhsil müəssisələrində 592 kompüter mövcuddur. Məktəblərdə 8 nəfər Əməkdar müəllim çalışır ki, onlar da təhsilin səviyyəsinin yüksəlməsinə öz layiqli töhfələrini verirlər. RTŞ-nin müdiri qeyd etdi ki, yay tətili dövründə RİH başçısı Tahir Kərimovun diqqət və qayğısı, yerli icra və bələdiyyə orqanlarının, pedaqoji kollektivlərin köməyi ilə rayonun bütün təhsil müəssisələrində cari təmir işləri aparılmış, payız-qış mövsümünə hazırlıq tədbirləri həyata keçirilmişdir.
Ali məktəblərə qəbul imtahanlarının nəticələri ilə bağlı bildirildi ki, bu il məktəbləri bitirən 1.150 nəfər məzundn 700 nəfəri tələbə olmaq üçün sənədlərini təqdim etmiş, onlardan da 352 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Tələbə adını qazananlardan 18 nəfəri 600-dən yuxarı bal toplayıb. Sentyabrın 9-da möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülən 102 nəfər tələbə arasında şəhər 4 saylı tam orta məktəbin məzunu Xalıq Dadaşzadə də vardır.
Rayonun «Gənc Heydərçilər»i konfrans iştirakçılarını şeirlərlə salamlamışılar.
Məruzə ətrafında müzakirələrdə Salyan şəhər 4 saylı tam orta məktəbin məzunu, Tibb Universitetinin tələbəsi Fəqan İslamov, Aşağı Noxudlu kənd tam orta məktəbinin müəllimi Nigar Hüseynzadə, şəhər 1 saylı humanitar təmayüllü məktəb-liseyin məzunu, BDU-nun iqtisadiyyat fakültəsinin tələbəsi Arzu Kərimova, Prezident təqaüdçüsü, Respublika Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının tələbəsi Xalıq Dadaşzadə, şəhər 9 saylı tam orta məktəbin müəllimi Aygün Məmmədova, valideynlər adından respublikanın Əməkdar mədəniyyət işçisi Cahangir Qaraşov çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.
RİH başçısı Tahir Kərimov Fəqan İslamova orta məktəbdə təhsil və təlim-tərbiyə sahəsində qazandığı yüksək nailiyyətlərə görə layiq görüldüyü Qızıl medalı təqdim etdi.
Sonra 600-dən yuxarı bal toplayaraq ali məktəblərə qəbul olunan məzunlara RİH başçısının Fəxri fərmanları və qiymətli hədiyyələr təqdim olundu.
Respublika Təhsil Nazirliyinin məsul işçisi Ağababa İbrahimov konfransda çıxış edərək rayon təhsil işçilərinin qazandığı nailiyyətləri vurğuladı, yeni dərs ilində qarşıda duran vəzifələrdən danışdı.
RİH başçısı Tahir Kərimov 15 sentyabr – Bilik Günü və yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini təbrik etdi, onlara uğurlar arzuladı. Son on ildə ölkəmizdə qazanılan nailiyyətlərdən, Azərbaycanın beynəlxalq nüfuzunun gündən-günə artmasından, milli iqtisadiyyatımızın dinamik inkişafından söz açan İcra başçısı daha sonra milli təhsil strategiyası, bu yöndə həyata keçirilən islahatlar və struktur dəyişikliklərindən danışdı, məktəblərin maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsini təqdir etdi. O, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamlarından irəli gələn vəzifələrin rayonda səylə həyata keçirildiyini, Heydər Əliyev Fondunun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın səyləri ilə «Yeniləşən Azərbaycana-yeni məktəb» layihəsinin rayonda uğurla həyata keçirildiyini və yeni tədris ilində təhsil işçilərinin qarşısında duran mühüm vəzifələrdən danışdı.
Sonda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət ünvanlandı.