Rayonun təhsil işçilərinin ənənəvi konfransı
11 sentyabr 2012-ci il tarixdə Salyan rayon İcra hakimiyyətinin iclas zalında rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir. Tədbirdən öncə rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov, RİH başçısı yanında şuranın üzvləri, rayonun pedaqoji kollektivlərinin nümayəndələri Heydər Əliyev adına parkda Ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, Heydər Əliyev mərkəzində olmuşlar.
Konfransda rayon Təhsil şöbəsinin müdiri Ə.Bədəlov 2011-2012-ci tədris ilinin yekunları və qarşıda duran vəzifələr barədə geniş məruzə ilə çıxış etmişdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Ağababa İbrahimov konfransda çıxış edərək son on ildə respublikamızda təhsil sistemində apa islahatlardan söz açmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Təhsil Nazirliyinin təhsilin inkişafı və tərəqqisi istiqamətində gördüyü işlərdən danışmışdır.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov konfransda çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafına xüsusi əhəmiyyət verdiklərini qeyd etmişdir. Rayon İcra hakimiyyətinin başçısı rayonumuzun təhsilində qazanılan nailiyyətləri təqdir edərək bəzi təhsil müəssisələrində hələ də geriliyin olduğunu vurğulamış, yeni dərs ilində pedaqoji kollektivlərə böyük uğurlar arzulamışdır.
Rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov 600 baldan yuxarı nəticə ilə ali məktəblərə daxil olan 11 nəfər məzuna və rayonumuzun bir qrup qabaqcıl müəlliminə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etmişdir.
Yeni Azərbaycan Partiyası Salyan rayon təşkilatı yüksək ballarla ali məktəblərə daxil olan 2 tələbəyə – Kəmalə Camaləddin qızı Əliyevaya və Şövkət Camaləddin qızı Əliyevaya bakalavr təhsili dövründə ayda 100 manat olmaqla təqaüdün bankomat kartını təqdim etmişdir.
Konfransda rayon təhsil işçiləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.