Salyan Rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Kürsəngi kəndində səyyar görüş keçirmişdir.
26 avqust 2014-cü il tarixdə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Kürsəngi kənd ərazi nümayəndəliyində əhali ilə görüş keçirmişdir. Görüşdə RİH başçısı yanında şuranın üzvləri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin rəhbərləri, xidmət təşkilatlarının nümayəndələri və yerli ictimaiyyəti təmsil edən vətəndaşlar iştirak etmişlər.
RİH başçısı Tahir Kərimov görüşü giriş sözü ilə açaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətindən danışmış, bölgələrin, o cümlədən Salyan rayonunun sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğıdan söz açmışdır. RİH başçısı Salyan rayonunda son illərdə həyata keçirilən böyük tikinti-quruculuq, abadlıq işlərini bir daha sadalayaraq Kürsəngi kəndində də görülən işləri qeyd etmişdir.
Kənd sakinlərindən Böyükağa Məmmədov, Kamil Qafarov, Rəhim Rəhimov çıxış edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevə kəndlərin sosial-iqtisadi inkişafı və tərəqqisi üçün gördüyü işlərə görə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər. Qeyd edilmişdir ki, ölkəmizdə üçüncü – 2014-2018-ci illəri əhatə edən Regionların sosial-iqtisadi İnkişaf Proqramının icrasına başlanmışdır. Onlar Kürsəngi kəndində görülən işlərə görə RİH başçısı Tahir Kərimova da minnətdarlıqlarını bildirmişlər.
Yığıncaqda kəndə təbii qaz kəmərinin çəkilməsi, köhnə elektrik dirəklərinin dəyişdirilməsi, 2 km.-lik su kanalının təmir edilməsi məsələləri də qaldırılmışdır.
RİH başçısı Tahir Kərimov səyyar görüşdə qaldırılan məsələləri aidiyyati orqanların rəhbərlərinin iştirakı ilə müzakirə etmiş, icrası üçün konkret tapşırıq və tövsiyələrini vermişdir.