Kənd təsərrüfatı və sənayenin inkişaf istiqamətlərinə həsr edilmiş ümumrayon müşavirəsi
16 iyul 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Salyan rayonunda «Kənd təsərrüfatı və sənayenin inkişaf istiqamətləri mövzuvunda» sahibkarlarla birlikdə ümumrayon müşavirəsi keçirilmişdir. Tədbirdə rayonun kənd təsərrüfatı və sənaye, ticarət, tikinti, xidmət və digər sahələrdə çalışan sahibkarlıq subyektlərinin rəhbərləri və təmsilçiləri, RİH başçısının inzibati kənd ərazi nümayəndələri, idarə və müəssisələrin, bələdiyyələrin rəhbərləri iştirak etmişlər.
Müşavirəni giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov qeyd etmişdir ki, ölkəmizdə sahibkarlığın inkişafı üçün hüquqi baza, yaradılan şərait getdikcə artır. Bu sahə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizin prioritet istiqamətlərindən biri elan edilmiş və hərtərəfli qayğı ilə əhatə olunmuşdur. Sahibkarlıq subyektlərinə və biznesə dövlət dəstəyinin gücləndirilməsi, azad sahibkarlığın inkişafı üçün ölkədə müvafiq qurumlar yaradılmışdır. Bu istiqamətdə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə özəl sektora ayrılan güzəştl kreditlərin miqdarı getdikcə artır.
RİH başçısı qeyd etmişdir ki, rayonumuzda azad sahibkarlığın inkişafına göstərilən dəstəkdən bəhrələnərək inkişaf edən çoxlu sayda fermer təsərrüfatları, MMC-lər və müxtəlif subyektlər mövcuddur. Bu gün dövlətimizin elan etdiyi əsas siyasətdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Cari il «Sənaye ili» elan edilmişdir. Aqrar sektorla yanaşı, sənaye sahəsində də sahibkarlığın inkişafı üçün real şərait getdikcə artır.
RİH başçısı Tahir Kərimov daha sonra bütün xeyirxah missiyaları ilə ölkəmizdən çox-çox uzaqlarda tanınan Heydər Əliyev Fondu və onun Prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən yerlərdə uşaq bağçalarının inşasına diqqət və qayğının artırılması təşəbbüsü çox təqdirəlayiqdir. Həqiqətən də gələcək nəslin formalaşmasında, uşaqların dünyagörüşünün daha müasir tərzdə inkişaf etməsində yeni uşaq bağçalarına ehtiyac vardır. Artıq bu istiqamətdə özəl sektordan yeni uşaq bağçalarının tikintisi barədə təkliflər vardır. Salyanda bu tipli yeni 3 uşaq bağçası tikilərək istifadəyə veriləcəkdir.
Müşavirənin gündəliyinə uyğun olaraq RİH başçısının müavini Sabir Rəhmanov məruzə etmişdir. Məruzə ətrafında RİH başçısının müavini Təranə İsmayılova, «Hacı Ələddin» kəndli-fermer təsərrüfatının rəhbəri Ələddin Fərəcov, «Zöhrab» kəndli-fermer təsərrüfatının rəhbəri Emin Mirzəyev və başqaları çıxış edərək rayonda azad sahibkarlığın inkişafı istiqamətində dövlət siyasətinin uğurla icra olunduğunu qeyd etmiş, həmçinin bir sıra təklif və fikirlərini söyləmişlər. Qeyd edilmişdir ki, rayonumuzda iqtisadiyyatın bütün sahələrində inkişaf tempi vardır. Tikinti, sənaye və xidmət sahələri ilə yanaşı, aqrar sektorda da sahibkarlıq subyektləri fəallıq göstərir, məhsul istehsalını ilbəil artırırlar. Hazırda aqrar sektorda əkin suyundan səmərəli istifadə edilməsi, bu sahədə mütərəqqi metodları çox aktualdır.
Müşavirədə rayonda əkin altında olan torpaqların suvarılmasının mövcud vəziyyəti təhlil edilmiş, bu sahədə yol verilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq təkliflər qəbul olunmuşdur.
RİH başçısı Tahir Kərimov müşavirəyə yekun vuraraq qaldırılan məsələlərin aktuallığını nəzərə alaraq onların ümumiləşdirilməsini, aidiyyati orqanların qarşısında təkliflərlə çıxış etməyin lazım olduğunu bildirmiş, sahibkarlara istehsal sahələrinin genişləndirilməsi, yeni kreditlərin ayrılması üçün lazımi köməkliyin bundan sonra da göstəriləcəyini vurğulamışdır.