Şriftin ölçüsü :

Saytın rəngi :

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Rəyasət Heyətinin səyyar iclası Salyanda keçirilmişdir

09 iyul 2014 | 15:00

8 iyul 2014-cü il tarixdə rayonda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin rəyasət heyətinin səyyar iclası keçirilmişdir. İclasda Salyan rayon İcra hakimiyyətinin başçısı T.Kərimov, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri C.Səttarova, 13 şəhər və rayonların komitə sədrləri, ittifaqın rayon təşkilatının üzvləri iştirak etmişlər.  Tədbir iştirakçıları öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül-çiçək dəstələri düzmüş, sonra Heydər Əliyev Mərkəzinə gələrək burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Tədbiri Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açaraq iştirakçıları salamlamışdır. RİH başçısı son dövrlər ölkəmizin ictimai-siyasi həyatında, o cümlədən Salyanda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi islahatların real nəticələrindən danışmış, həmçinin qeyd etmişdir ki, Muğanın bu qədim bölgəsində iqtisadiyyatın bütün sahələrində böyük irəliləyişlər olmuşdur. Təbii ki, bütün bu işlərdə rayon əhalisinin, ayrı-ayrı təşkilatların, kollektiv üzvlərinin payı çoxdur və bu əmək, sosial və digər hüquqlarının, sosial-iqtisadi mənafelərinin müdafiəsi istiqamətində işlər lazımi səviyyədə təşkilindən xəbər verir.
Tədbir iştirakçılarını salamlayan, həmçinin bu tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyinə görə rayon rəhbərliyinə təşəkkürünü bildirən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova Azərbaycan həmkarlar təşkilatlarının ölkə daxilində və beynəlxalq miqyasdakı nüfuzundan danışmış, qeyd etmişdir ki, dünya ölkələrindən fərqli olaraq məhz Azərbaycanda işçilərin hüquq və vəzifələri ölkə qanunvericiliyində yüksək səviyyədə əks olunmuşdur. Bu işdə ümummilli liderimiz Heydər Əliyevin və onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu xüsusi qeyd edilməlidir.
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Rəyasət Heyəti özünün Salyanda keçirilən növbəti səyyar iclasında «Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Salyan, Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar, Sabirabad, Saatlı, İmişli, Beyləqan, Xocavənd şəhər və rayon komitələrində həmkarlar ittifaqı işinin təşkili və ittifaq üzvlərinin sosial-iqtisadi  mənafelərinin müdafiəsi üzrə görülmüş işlər haqqında» məsələ müzakirə etmişdir.  Bu barədə  MİHİ RK-nin aparat rəhbəri  Mirzə Əlibəyovun hazırladığı arayış dinlənilmişdir. Arayışda adı çəkilən rayon komitələrində həmkarlar ittifaqı işinin təşkili təhlil edilmiş, ittifaq üzvlərinin sosial-iqtisadi mənafelərinin müdafiəsi üzrə görülmüş işlər araşdırılmışdır. Müsbət təcrübə ilə yanaşı, işdə nöqsanlara  yol vermiş təşkilatların fəaliyyətinin canlandırılması üçün təkliflər səsləndirilmişdir.

 

Keçidlər