Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət müşaviri Salyanda ziyalılar və dindarlarla görüşmüşdür

07 iyul 2014 | 15:00

Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə  dövlət müşaviri Kamal  Abdullayev iyulun 5-də  Salyanda Heydər Əliyev Mərkəzində  rayonun ziyalıları və dindarları ilə görüşmüşdür.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev adına parkda Ulu Öndərin abidəsi önünə gül dəstələri qoyaraq  xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzində keçirilən tədbiri giriş sözü ilə açan Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov  Salyanda maddi-mədəniyyət abidələrinin, o cümlədən tarixi memarlıq əhəmiyyəti daşıyan məscidləin qorunması və mühafizəsi barədə danışaraq qeyd etmişdir ki, rayonda 41 məscid, 3 pir, 2 ziyarətgah fəaliyyət göstərir. Hazırda 8 dini icma Dini Qurumlarla  İş üzrə  Dövlət Komitəsində qeydiyyatdan keçmişdir. Çox böyük ziyalı potensialına malik olan, tarixən darülmöminlər diyarı adlanan Salyan rayonunun dindarları rayonun ictimai-siyasi, mədəni həyatında yaxından iştirak edir, mənəvi-əxlaqi dəyərlərimizin zənginləşməsinə öz töhfələrini verirlər.
Görüşdə ölkəmizdə etnik-dini durum barədə fikir mübadiləsi aparılmış, Azərbaycanda sivilizasiyalararası və mədəniyyətlərarası  dialoqun, çoxəsrlik adət-ənənələri olan tolerantlıq şəraitinin, ayrı-ayrı dinlər, dillər və etiqadlar arasında qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıq münasibətlərinin hökm sürdüyü diqqətə çatdırılmışdır.
Dövlət müşaviri Kamal Abdullayev  ölkə rəhbərliyinin dövlət-din  münasibətlərinə xüsusi diqqət yetirdiyini qeyd edərək zəngin mültikulturalizm ənənələrinin qorunub saxlaqnılması və inkişaf etdirilməsi, nəzərdə tutulmuş çoxşaxəli işlər, müxtəlif layihə və proqramlar barədə  məlumat vermişdir.
Natiq dövlət başçısı İlham Əliyevin yeni xidmətlə bağlı  qarşıya qoyduğu məsələləri diqqətə çatdırmış,  bundan irəli gələn vahid  konsepsiya əsasında Dini Qurumlarla İş üzrə  Dövlət Komitəsi  ilə birgə həyata keçiriləcək işlərdən bəhs etmiş, dövlət-din münasibətlərindən, tolerantlıq sahəsində ölkəmizdə həyata keçirilən layihələrdən danışmışdır.
Bildirilmişdir ki, ölkəmizdə qədimdən  müxtəlif dinlərin nümayəndələri, etnik qruplar və xalqlar dostluq və qardaşlıq mühitində yaşamışlar. Məhz bu tolerantlığın, birgə yaşayışın və ölkə başçısının bu istiqamətdə həyata keçirdiyi düzgün siyasətin nəticələridir ki,  respublikamız dünyada  nümunəvi tolerant ölkə kimi tanınır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycançılıq  məfkurəsi bizə ulu öndər Heydər Əliyevdən miras qalmışdır, həmin məfkurə bu gün Prezident İlham Əliyev tərəfindən inkişaf etdirilir.
Görüş başa çatdıqdan sonra dövlət müşaviri Kamal Abdullayev Salyandakı Cümə məscidində dindarlarla görüşmüşdür. Çıxış edən din xadimləri  Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış  yeni xidmətin dövlət başçısının  dövlət-din münasibətlərinə, milli-mənəvi dəyərlərimizin inkişafına qayğısının bariz nümunəsi olduğunu bildirmişlər.
Görüşdə rayon təhsil şöbəsinin müdiri Hacı Əbülfət Bədəlov, rayon ziyalılar ictimai birliyinin sədri, Əməkdar müəllim  Allahverdi Piriyev, TİAHİ rayon komitəsinin sədri, Əməkdar müəllim Yaqut Ələsgərova, Azərbaycan Teatr xadimləri İttifaqının üzvü Fərəc Dadaşov çıxış edərək mənəvi-əxlaqi dəyərlərimizin inkişafı istiqamətində ölkə başçısı İlham Əliyev tərəfindən  aparılan uğurlu dövlət siyasətini dəstəklədiklərini bildirmişlər. Qeyd edilmişdir ki, ölkəmizdə dinindən, dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı üçün demokratik hüquqi şərait yaradılmışdır.

Keçidlər