Şriftin ölçüsü :

Saytın rəngi :

Salyan şəhərində Əlibəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar tədbir keçirilmişdir

26 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Salyan şəhərində görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illiyinə həsr edilmiş təntənəli yubiley tədbiri keçirilmişdir
Aprelin 25-də qədim Muğan torpağı olan Salyan özünün mədəni-ictimai həyatında çox mühüm bir gün yaşadı. Qardaş Türkiyə Respublikasından gəlmiş qonaqlar, Azərbaycan Milli Elmlər Akademiyasının, Mədəniyyət və Turizm Nazirliyinin, Təhsil Nazirliyinin, Azərbaycan Yazıçılar Birliyinin rəhbərləri və nümayəndələri, Milli Məclisin deputatları, elm, təhsil, mədəniyyət sahəsində Salyanı təmsil edən həmyerlilərimiz yubiley tədbrində iştirak etmək üçün rayonumuza gəlmişdilər.
Salyan şəhəri də, təbiət də sanki  bu möhtəşəm mədəni hadisənin yüksək səviyyədə keçirilməsinə hazırlaşmışdı. Kür çayının Şirvan sahilindən – Salyan embleminin inşa edildiyi ərazidən başlayaraq Heydər Əliyev parkına qədər yolun hər iki tərəfinə üçrəngli bayraqlar vurulmuşdu. Şəhər yaşıllığa bürünmüş, küçə və meydanlar səliqə-sahmana salınmışdı.
Hörmətli qonaqların saat 12.00-da şəhər avtovağzalı ətrafında təntənəli qarşınalma mərasimi oldu. Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov, şura üzvləri, şəhər ictimaiyyətinin nümayəndələri  qonaqları çox səmimi qarşıladılar. Əli bəy Hüseynzadənin 150 illik yubileyinin Zirvə tədbirində iştirak edəcək qonaqlar və ictimaiyyətin nümayəndələri şəhər avtovağzalından Əli bəy Hüseynzadənin abidəsi ucaldılmış meydana kimi piyada yürüş etdilər. İzdihamı milli geyimli süvarilərin idarə etdiyi at karvanı müşayiət edirdi. Bütün türk dünyasının ictimai fikir tarixində müstəsna rolu olmuş Əli bəy Hüseynzadənin heykəli önündə hörmətli qonaqları «Cəngi» nəfəs alətləri orkestri salamladı, türk xalqlarının milli ruhuna həsr edilmiş mahnılar səsləndi.
Hörmətli qonaqları - mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli və Türkiyə Respublikasından gəlmiş İbrahim Yıldırım, Milli Məclisin deputatları Əliağa Hüseynov, Fəzail Ağamalı, Aqil Abbas, Qənirə Paşayeva, Mirkazım Kazımov,  Xalq şairi Zəlimxan Yaqub, Təfəkkür Universitetinin prorektoru Rahim Hüseynov, Əli bəy Hüseynzadənin heykəlinin müəllifi Nəriman Qəhrəmanoğlu, Yazıçılar Birliyinin I katibi Fikrət Qoca, Əli bəy Hüseynzadənin qohumu Cəmilə xanım, Əlibəyşünas Azər Turan, şair Oqtay Rza, yazıçı  Rəşad Məcid, Əliqismət Lalayev, Elman Ələkbərov və digər qonaqlar və şəhər ictimaiyyətinin nümayəndələri görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin abidəsi önünə tər gül-çiçək dəstələri düzmüş, xatirəsi önündə baş əymişlər.
Sonra yubiley iştirakçıları Heydər Əliyev parkına gəldilər. Burada onlar «Mahirlər» ailə ansamblının, uşaq bağçası fidanlarının ifasında musiqili ədəbi-bədii kompozisiya ilə qarşılandılar. Yubiley tədbirinin iştirakçıları Heydər Əliyev parkında ucaldılmış Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoymuş, xatirəsi önündə ehtiramla baş əymişlər. İştirakçılar Heydər Əliyev Mərkəzində olmuş, burada Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar. Heydər Əliyev Mərkəzinin iclas zalında Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar təntənəli yığıncaq keçirilmişdir.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov  türk dünyasını təmsil edən hörmətli qonaqları, respublikamızın elm, sənət adamlarını Salyan rayon İcra Hakimiyyəti aparatı  və rayon ictimaiyyəti adından salamlamış, Əli bəy Hüseynzadənin 150 illik yubileyinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 21 yanvar 2014-cü il tarixli sərəncamı ilə qeyd edilməsini ölkəmizdə tarixi-mədəni irsimizə, mənəvi dəyərlərimizə verilən böyük diqqətin nəticəsi olduğunu vurğulamış və bunun ulu öndərdən başlayan varislik xəttinin davamı olduğunu qeyd etmişdir. Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli, İstanbul Universitetinin professoru İbrahim Yıldırım, Milli Məclisin deputatı Qənirə Paşayeva, Azərbaycan Yazıçılar Birliyinin I katibi Fikrət Qoca, ədəbiyyat üzrə fəlsəfə doktoru Azər Turan çıxış edərək Əli bəy Hüseynzdənin çoxtərəfli həyat və fəaliyyətinin ayrı-ayrı məqamları barədə söz açmış, bu dahi insana verilən layiqli qiymətə görə  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Əli bəy Hüseynzadənin qardaşı nəvəsi Cəmilə xanım çıxış edərək tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və RİH başçısı Tahir Kərimova dərin təşəkkürünü bildirmişdir. Tədbirdə iştirak edən qonaqlara Salyan rayon İcra Hakimiyyəti adından Muğan Babazanlı abidələrinin 2800 illiyi ilə bağlı xatirə hədiyyələri təqdim edildi. Milli Məclisin deputatı Aqil Abbas, Xalq şairi Zəlimxan Yaqub, filologiya elmləri doktoru İmamverdi Əbilov çıxış edərək Azərbaycanın ictimai fikir tarixində yer tutmuş Əli bəy Hüseynzadə barədə öz fikirlərini bildirmişlər.
Sonda  tədbir iştirakçıları Əli bəy Hüseynzadənin 150 illik yubileyinə həsr edilmiş ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər. Əli bəy Hüseynzadənin şeirlərindən, etdiyi tərcümələrdən parçalar səslənmiş, Üzeyir Hacıbəyovun «Leyli və Məcnun» operasından  səhnə və Azərbaycan milli musiqisindən nümunələr ifa olunmuş, həmçinin Xalq artisti Bilal Əliyevin və  Zakir Əliyevin ifasında  mahnılar alqışlarla  qarşılanmışdır.

 

 

 

 

Keçidlər