Şriftin ölçüsü :

Saytın rəngi :

Qaraçala qəsəbə məktəbinin təmirdən sonra açılışı olmuşdur

24 aprel 2014 | 15:00

1966-cı ildə inşa edilən, vaxtilə rayonumuzun ən müasir məktəblərindən biri hesab edilən Qaraçala qəsəbə orta məktəbi uzun müddət əsaslı təmir edilmədiyinə görə  köhnəlmiş, hətta qəza vəziyyəti yaranmışdı. Qəsəbədə keçirilən səyyar görüşlər və müxtəlif tədbirlərdə bu təhsil ocağının əsaslı təmir edilməsi rayon rəhbərliyindən xahiş edilirdi. RİH başçısı Tahir Kərimov qəsəbə məktəbinin yenidən əsaslı təmiri, bərpası üçün aidiyyati orqanlar qarşısında məsələ qaldırdıqdan sonra ötən il məktəbdə təmir işlərinə başlanıldı.
Aprelin 22-də qəsəbə şəhid Cəlal Məmmədovun adını daşıyan Qaraçala qəsəbə tam orta məktəbinin bərpa, gücləndirmə və əsaslı təmirdən sonra açılışı münasibətilə tədbir keçirilmişdir.
RİH başçısı Tahir Kərimov və şura üzvləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, qəsəbə ictimaiyyətinin nümayəndələri, müəllim və valideynlər məktəbin əsaslı təmirdən sonra açılışı münasibətilə tədbirdə iştirak etmişlər. Rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, şəhid Cəlal Məmmədovun qardaşı Zöhrab Məmmədov, kənd ağsaqqalı Mirabtalıb Əsgərov, məktəbin müəllimi Şəhla Hüseynova çıxış edərək məktəbin təmirində zəhməti olmuş insanlara, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açılış mərasimində çıxış edərək son illər respublikamızda həyata keçirilən sosial yönümlü layihələrdən danışmış, həmçinin rayonumuzda təhsil və səhiyyə istiqamətində görülmüş işləri nəzərə çatdırmışdır. RİH başçısı həmçinin qeyd etmişdir ki, rayon mərkəzindən xeyli uzaqda yerləşən qəsəbə tam orta məktəbinin əsaslı təmirdən sonra müəllim və şagirdlərin ixtiyarına verilməsi də çox əlamətdar hadisədir. Hər cür şəraiti olan məktəb ən müasir texniki avadanlıqlarla təchiz edilmişdir və onlardan tam məqsədəuyğun istifadə edilməlidir.
RİH başçısı Tahir Kərimov tərəfindən qırmızı lent kəsildikdən  sonra qonaqlar və ictimaiyyətin nümayəndələri məktəbin fənn kabinetləri, kompüter otağı, akt və idman zalları, kitabxanası ilə tanış olmuşlar. Məlumat verilmişdir ki, məktəbin 21 sinif otağında 420 şagirdin təhsil alması üçün hər cür şərait vardır. Hazırda şagirdlərin təlim-tərbiyəsi ilə 43 müəllim məşğul olur.
Sonda RİH başçısı Tahir Kərimov məktəbin pedaqoji kollektivi və valideynlərlə görüşmüş, onların arzu və təkliflərini dinləmiş, həmçinin təhsilin səviyyəsini yüksəltmək və məktəbdə yaradılmış şəraiti, səliqə-sahmanı layiqincə qoruyub saxlamağı tövsiyə etmişdir.

Keçidlər