RİH-də idmanın kütləviliyinin artırılmasına dair yığıncaq
Aprelin 17-də Salyan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq idmanın kütləviliyinin artırılması, uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi üçün olimpiya idman komplekslərindən və mövcud olan digər idman obyektlərindən səmərəli istifadənin təmin edilməsi və rayonda kütləvi idman tədbirlərinin keçirilməsi ilə əlaqədar görüləcək işlər barədə yığıncaq keçirilmişdir.
İdarə, müəssisə, təşkilat rəhbərlərinin, məktəb direktorlarının, rayonun idman ictimaiyyətinin iştirak etdiyi yığıncağı giriş sözü ilə açan rayon İcra hakimiyyətinin başçısı Tahir Kərimov bildirmişdir ki, möhtərəm Prezidentimiz, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz iqtisadi-sosial sahələrlə yanaşı, böyük uğurlara imza atmışdır. Möhtərəm Prezidentimiz bu nailiyyətlərlə arxayınlaşmamağı, idmanın kütləviliyinin daha da artırılması üçün konkret tapşırıqlar və tövsiyələr vermişdir. Biz də öz işimizi bu tapşırıqlara uyğun səviyyədə qurmalı, bütün idarə və müəssisələrdə olan idman qurğularını qısa müddətdə təmir edib ən yaxşı səviyyəyə qaldırmağı, məktəblər, idarələr, müəssisələr arasında müntəzəm olaraq bir neçə növ üzrə yarışlar keçirilməli, bir sözlə, rayon əhalisinin fiziki sağlamlığının təmin edilməsi üçün bir çox işlər görülməlidir.
RİH başçısı T.Kərimov bildirmişdir ki, uşaq, yeniyetmə və gənclərin, habelə müxtəlif yaşlı insanların idmana cəlb edilməsi həm də asudə vaxtın səmərəli təşkilinə imkan yaradır. Bütün bu işləri rayonda yüksək səviyyədə qurmaq üçün komissiya yaradılmış, görüləcək işlərin tədbirlər planı hazırlanmışdır. Bugünkü keçirilən tədbir rayonumuzda idmanın inkişafında həlledici dönüş nöqtəsi olmalıdır.
Müzakirələrdə RİH başçısının I müavini Etibar Hüseynov, RİH başçısının müavini Rəşad Cəbrayılov, rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, rayon gənclər və idman idarəsinin rəisi Araz Hüseynov, Salyan olimpiya idman kompleksinin direktoru Şahlar Babayev, Kürkənd kənd tam orta məktəbinin direktoru Malik Kərimov, Arbatan kənd tam orta məktəbinin direktoru Nadir Rüstəmov, Qarabağlı kənd “Nail” idman klubunun rəhbəri Rəftar Nuriyev tədbirdə çıxış edərək son illərdə rayonumuzda idman sahəsində qazanılan nailiyyətlərdən söz açmış, idmanın kütləviliyinin daha da artırılması üçün konkret təkliflərini və tövsiyələrini bildirmişlər.