Rayonda “Şahin” hərbi-idman oyununun zona yarışı keçirilmişdir
Yeniyetmələrin hərbi - vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, orta məktəb şagirdlərini hərbi-idman və turizm oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanması məqsədilə 16 aprel 2014-cü il tarixdə Salyan şəhər 2 saylı tam orta məktəbin stadionunda "Şahin" hərbi idman oyununun zona birinciliyi keçirildi. Yarışda 8 rayon və şəhərin( Lənkəran, Biləsuvar, Cəlilabad, Masallı, Lerik, Yardımlı, Astara və Neftçala) komandaları iştirak edirdi.
Tədbiri giriş sözü ilə Gİİ-nin rəis əvəzi Araz Hüseynov açaraq, yarış iştirakçılarını salamladı və "Şahin" hərbi idman oyununun gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin daha da gücləndirilməsi, onların ordu sıralarına hazırlanmasında müstəsna əhəmiyyəti olduğunu vurğuladı. Daha sonra Gənclər və İdman Nazirliyinin şöbə müdiri Əli Məmmədov , Salyan Rayon İcra hakimiyyətinin baş məsləhətçisi Məhrrəm Məmmədov və Rayon Təhsil Şöbəsinin müdiri Əbülfəz Bədəlov çıxış edərək gənclərə öz tövsiyyələrini verdilər və onlara uğurlar arzuladılar.
Sonra dövlət himni səsləndirildi və yarışlara start verildi. Oyunlar orta məktəblərin X-XI sinif şagirdləri arasında keçirilirdi və hər komandada 17 nəfər (13 oğlan, 4 qız) iştirak edirdi. Komandalar 8 mərhələ üzrə öz qüvvələrini sınadılar:
I. Sıra hazırlığı
II. Darağa patronun doldurulması və boşaldılması
III. Avtomatın sökülməsi və yığılması
IV. Tüfəngdən hədəfə atəş açmaq
V. Fiziki hazırlıq
VI. Maneələrin dəf olunması
VII. Mülki müdafiə hazırlığı
VIII. Sanitarların yarışı.
Gərgin davam edən mübarizələrin sonunda hakimlər heyətinin verdiyi qiymətlərə əsasən qaliblər müəyyən olundu. III yerə Cəlilabad rayon komandası, II yerə Neftçala rayon komandası və I yerə isə Astara rayon komandası layiq görüldü. I və II yerləri tutmuş komandalar may ayında Bakı şəhərində keçiriləcək respublika final yarışında iştirak etmək hüququ qazandılar. Qaliblər Gənclər və İdman Nazirliyinin fəxri fərmanları və Salyan rayon Gənclər və İdman İdarəsinin qiymətli hədiyyələri ilə təltif olundular.