Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən əhalinin ümumi tibbi müayinədən keçirilməsi ilə əlaqədar Salyan rayon lcra hakimiyyəti yanında Şurada, rayonda tibbi müayinənin gedişinin vəziyyəti müzakirə edilmişdir.

04 aprel 2014 | 15:00

3 aprel 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Salyan rayon icra Hakimiyyətinin şura iclası keçirilmişdir. İclasda RİH başçısı yanında şura üzvləri, rayonun təhsil, səhiyyə, mədəniyyət təşkilatlarının, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
Şurada Azərbaycan Respublikasının Prezidenti cənab ilham Əliyevin tapşırığına əsasən bu il fevral ayının 17-dən may ayının 1-nə kimi əhalinin tibbi müayinədən keçirilməsinin gedişi müzakirə edilmişdir. RİH başçısı Tahir Kərimov giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, əhalinin sağlamlığının qorunması, əhaliyə yüksək səhiyyə xidmətinin göstərilməsi Azərbaycan dövlətinin prioritet sahələrindən biridir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan səhiyyə sahəsindəki islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə səhiyyənin inkişafı məqsədilə 9 Dövlət Proqramı qəbul edilmişdir. Son on ildə səhiyyə sahəsində görülən işlər nəticəsində ümumilikdə 500-ə yaxın tibb müəssisəsində təmir və tikinti işləri aparılmışdır ki, onlardan təxminən 70 faizi regionların payına düşür. RİH başçısı daha sonra qeyd etmişdir ki, prezident ilham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial yönümlü siyasətin davamı olaraq ölkənin dövlət tibb ocaqlarında pulsuz xidmət göstərilməsinə başlanmışdır. Aztəminatlı və ağır xəstəlikdən əziyyət çəkən insanların dərmanlarla pulsuz təmin olunması və müalicəsi diqqət mərkəzindədir.
Şura iclasında Salyan rayon mərkəzi xəstəxanasının baş həkimi Hüseynağa Həsənov, Sarvan kənd xəstəxanasının baş həkimi Yenifail Qəhrəmanov, ağciyər xəstəlikləri xəstəxanasının baş həkimi Xanış Abbasov, mərkəzi xəstəxananın poliklinika şöbəsinin həkimlərindən Mahur. Əliyev, Fatma Səmədzadə çıxış edərək Azərbaycan Respublikası Prezidentinin əhalinin tibbi müayinədən keçirilməsinə dair tapşırığının yerinə yetirilməsi gedişindən danışmış, son illər Salyan səhiyyəsində aparılan tikinti-abadlıq işləri, yeni istifadəyə verilən tibb ocaqları, müalicə kabinetləri barədə söz açmışlar. Qeyd edilmişdir ki, fevral ayının 17-dən aprel ayının 1-nə kimi rayonun 17 məntəqəsində tibbi müayinə başa çatmış, 32.582 nəfər əhali müayinədən keçmişdir. Digər ərazilərin əhalisi də aprel ayında tərtib olunmuş qrafikə uyğun olaraq tibbi müayinədən keçəcəkdir. Rayonda bu işin lazımi səviyyədə təşkili üçün 4 həkim briqadası fəaliyyət göstərir.
Şura iclasında Salyan rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, II qrup Qarabağ əlili Mirabbas Rzayev, Sarvan kənd sakini Cahangir Qaraşov, Noxudlu kənd sakini Şirqasım Ağayev və başqaları çıxış edərək əhalinin sağlamlığının qorunması istiqamətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğıdan söz açmış, ölkə başçısına öz dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
RİH başçısı Tahir Kərimov şuranın iclasına yekun vurmuşdur.

\

Keçidlər