RİH başçısı Tahir Kərimovun Novruz bayramı münasibətilə rayon sakinlərinə təbriki
Əziz salyanlılar!
Sizi xalqımızın ən sevimli və ən müqəddəs bayramı olan Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, bu əziz bayram günlərində hər birinizə bahar əhval-ruhiyyəsi, möhkəm cansağlığı və səadət arzulayıram.
Novruz ümumxalq bayramı kimi uzun əsrlərdən bəri yurdumuzun hər bir guşəsində müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Bu əziz bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi, mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə 1993-cü ilin 15 iyununda yenidən siyasi hakimiyyətə qayıdışından sonra Novruz bayramı ölkəmizdə dövlət səviyyəsində qeyd olunur. Bu da tarixi köklərə qayıdışın, milli-mənəvi dəyərlərin bərpasının parlaq nümunəsidir. Respublikamızın hər bir guşəsində böyük ruh yüksəkliyi ilə Novruz bayramının rəsmi səviyyədə qeyd olunması dövlət müstəqilliyimizin verdiyi töhfələrdəndir. Artıq 20 ildən çoxdur ki, Azərbaycanda Novruz bayramı sözün həqiqi mənasında el şənliyi, ümumxalq bayramı mahiyyəti daşıyır.
Respublikamızın hər yerində olduğu kimi, yüksək mənəviyyat xəzinəsi sayılan Novruz bayramı Salyan rayonunda da ümumxalq şənliyi kimi qeyd olunur. Keçən il sentyabr ayının 4-də möhtərəm Prezidentimiz zati-aliləri cənab İlham Əliyev Salyan rayonuna tarixi səfəri zamanı Heydər Əliyev Mərkəzinin, RİH üçün inzibati binanın açılışlarında iştirak etmiş, yeni tikilmiş Dövlət Bayrağı Meydanı ilə tanış olmuş, rayon ictimaiyyəti qarşısında çıxış edərək yaxın illərdə Salyanımızın daha da inkişafı üçün böyük işlər görüləcəyini vurğulamışdır. Prezidentin səfərindən 2 gün sonra dövlət başçısının rayonun sosial-iqtisadi inkişafı ilə bağlı, Salyan-Şirvan şose yolunun yenidən qurulması, Salyan-Babazanlı körpüsünün tikilməsi barədə sərəncamlar imzalaması hər bir salyanlının qəlbində sonsuz qürur və iftixar hissləri doğurdu. Bundan bir qədər sonra Muğan-Babazanlı abidələrinin 2800 illiyi, həmyerlimiz, görkəmli filosof, ictimai xadim, təbib Əli bəy Hüseynzadənin 150 illik yubileyi haqqında Prezidentin sərəncamları salyanlılara olan tükənməz hörmətin və ehtiramın bariz nümunəsidir.
Məlumdur ki, Azərbaycan xalqı Novruz bayramı ərəfəsində abadlıq-quruculuq, yaşıllaşdırma, səliqə-sahman işlərinə xüsusi fikir verir. Bu günlər rayonumuzda da tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almış, şəhərimizdə, qəsəbə və kəndlərimizdə iməciliklər keçirilir, yaşıllıqlar salınır, küçələrdə və meydanlarda abadlıq işləri görülür.
Hörmətli salyanlılar!
Sizi bir daha Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər evə, hər ailəyə sonsuz sevinc və bayram ovqatı arzulayıram.
Novruz bayramınız mübarək olsun!
Tahir KƏRİMOV,
Salyan rayon İcra Hakimiyyətinin başçısı.