Dünyanın sevinci qadınlar. 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Salyan rayon İcra Hakimiyyəti başçısı aparatının və Ə.Quliyev adına rayon mədəniyyət evinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov rayon İcra Hakimiyyti başçısı Tahir Kərimovun adından rayon qadınlarını təbrik edərək Azərbaycan qadının uzun əsrlər boyu keçdiyi inkişaf yolundan söz açdı. Bildirdi ki, milli-mənəvi dəyərlərimizi bu gün də yaşadan, öz xalqına Mübariz, Fərid kimi oğullar bəxş edən qadınlarımızın fədakarlığı ölçüyəgəlməzdir. Ana, həyat yoldaşı, bacı sandığımız qadınlar bu gün hünər meydanında zəfər çalır, neçə-neçə nailiyyətlərə imza atır, ailəsini, el-obasını, xalqını, millətini qürurlandırır.
Sonra söz rayonun incəsənət ustalarına verilmişdir. Rayon mədəniyyət evinin yeni yaradılmış «Muğan» gənclik instrumental ansamblının ifaçıları, solistlər gözəl mahnı çələngi ilə qadınlar qarşısında çıxış etmişlər. Rayon gənclərinin hazırladıqları bayram nömrəsi alqışlarla qarşılanmışdır.
Tədbirdə iştirak edən 230 qadına rayon İcra hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunmuşdur.