Salyanda Əli bəy Hüseynzadənin 150 illik yubileyi keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 21 yanvar 2014-cü il tarixdə görkəmli ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Prezidentin sərəncamına uyğun olaraq ölkəmizdə Əli bəy Hüseynzadənin 150 illik yubileyi ilə əlaqədar rəngarəng və maraqlı tədbirlər keçirilir.
Belə tədbirlərdən biri fevralın 24-də görkəmli alim, filosof, həkim, rəssam, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadənin Vətənində – anadan olduğu Salyan şəhərində keçirildi. Yubileydə Bakıdan, habelə respublikamızın digər bölgəsindən gələn qonaqlar iştirak etmişlər.
Tədbinrin iştirakçıları əvvəlcə Azərbaycan tarixinin böyük şəxsiyyəti ulu öndər Heydər Əliyevin, sonra görkəmli alim, filosof əli bəy Hüseynzadənin abidəsini ziyarət edib önünə gül-çiçək dəstələri düzmüş, Salyan rayon tarix-diyarşünaslıq muzeyində Əli bəy Hüseynzadəyə həsr edilmiş sərgi ilə tanış olmuşlar.
Salyan Rayon icra Hakimiyyətinin başcısı Tahir Kərimov qonaqları salamlamş və Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncamın mahiyyətindən və bu sənədin həyata keçirilməsi istiqamətində görülən işlərdən, böyük mütəfəkkirin həyatının ibratamiz anlarından danışmışdır.
Azərbaycan Türk Xalqları Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov çıxış edərək bildirdi ki, mən Azərbaycanla yanaş tez-tez Türkiyədə oluram və qardaş ölkədə həmyerlimizin XIX əsrin axırlarından XX əsrin ortalarına kimi türk dünyasının ictimai fikir tarixində oynadığı rolun nə qədər yüksək olduğunun əyani şahidiyəm. Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı, professor Şamil Vəliyev, «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı, «Azərbaycan Jurnalistlər» liqasının sədri Yadigar Məmmədli, ADPU-nun dosenti, şair-publisist Oqtay Rza, Salyanda Əli bəy Hüseynzadə heykəlinin müəllifi Nərniman Qəhrəmanoğlu çıxış edərək Əli bəy Hüseynzadə yaradıcılığının zirvəsi olan «türkçülük-islamçılıq-müasirlik» formulunun istər 1918-ci ildə yaranan Demokratik Cümhuriyyətin milli ideologiyasının, istərsə də çağdaş müstəqil Azərbaycan Respublikasının üç təməl prinsipləri olduğunu göstərmiş Əli bəy Hüseynzadənin Peterburq Universitetində, İstanbulda təhsil almasından, hərbi həkim kimi türk-yunan müharibəsində iştirak etməsindən, «Həyat» qəzetini nəşr etdirməsindən, 1906-1907-ci illərdə müsəlman xalqlarını qəflət yuxusundan oyadan «Füyuzat» jurnalının nəşrinə nail olmasından danışmışlar. Yerli ziyalılardan Azərbaycan Müəllimlər İnstitutu Salyan filialının direktor müavini Sahib Həsənov, rayon ziyalılar birliyinin sədri Qulam Sadiq və başqaları çıxış edərək öz görkəmli həmyerliləri haqqında xoş sözlərini söyləmiş, ölkə Prezidentinə belə bir sərəncam imzaladığına görə təşəkkürlərini bildirmişlər.