Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti yaradılmasının iki ili tamam oldu
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidməti yaradılmasının iki ili tamam oldu. Bu münasibətlə 13 fevral 2014-cü il tarixdə Salyan rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.
Tədbir iştirakçıları ilk öncə Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Heydər Əliyev Mərkəzində Ulu Öndərə həsr olunmuş eksponatlarla tanış olduqdan sonra İcra hakimiyyətinin akt zalında yığıncaq keçirilmişdir. Azərbaycan Respublikasının səfərbərlik və hərbi xidmətə çağrış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, mayor Tural Məmmədov qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2012-ci il tarixli fərmanına əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, şəhər rayonu hərbi komissarlıqları ləğv edilmiş və onların əsasında mövcud dövlət xidməti yaradılmışdır.
Yığıncaqda çıxış edən Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Xidmətin rayon şöbəsinin kollektivini təbrik edərək vurğulamışdır ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə son illər ordu quruculuğunun möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülmüşdür. Hazırda ordumuzun büdcəsi bütövlükdə Ermənistanın büdcəsindən dəfələrlə yüksəkdir. Azərbaycan əsgəri nəinki düşmənin hücumunu dəf etməyə, hətta əmr olarsa, torpaqlarımızı tam azad etməyə qüdrəti vardır. RİH başçısı daha sonra gənclər arasında hərbi vətənpərvərlik işinin yaxşılaşdırılması üçün öz tapşırıq və tövsiyələrini vermişdir.
Əlamətdar gündə Salyan rayon prokuroru Firdovsi Nemətli, rayon məhkəməsinin sədri Xaqani Tağıyev, rayon təhsil şöbəsinin müdiri Əbülfət Bədəlov, gənclər və idman idarəsinin rəis əvəzi Araz Hüseynov çıxış edərək bu sahədə çalışanları təbrik etmiş, onlara çətin və şərəfli işlərində daim sayıq olmağı, tapşırılan vəzifələrin öhdəsindən lazımınca gəlməyə hazır olmalarını arzulamışlar.
Sonda səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin bir qrup əməkdaşına Salyan rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları təqdim edilmişdir.