RİH başçısı Yeni Uluxanlı kəndində səyyar görüş keçirmişdir
12 fevral 2014-cü il tarixdə rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov Yeni Uluxanlı kəndində əhali ilə səyyar görüş keçirmişdir. Görüşdə RİH başçısı yanında şuranın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, kənd sakinləri iştirak etmişlər.
Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tədbirdə çıxış edərək aparılan quruculuq işləri nəticəsində Yeni Uluxanlı kəndinin müasir yaşayış məntəqəsinə çevrildiyini bildirmiş, bu münasibətlə sakinləri təbrik edərək demişdir:
-Kənddə əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə dövlətimiz tərəfindən fermerlərə və fiziki şəxslərə güzəştli şərtlərlə kreditlər verilir, fərdi təsərrüfatlar genişləndirilir, kənd təsərrüfatı məhsullarının istehsalı artır.
RİH başçısı fevralın 5-də regionların sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş müşavirədə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bu fikirlərini kənd əhalisinin diqqətinə çatdırmışdır ki, ötən müddətdə güzəştli kreditlərin 64 faizi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı layihələrinin reallaşdırılmasına yönəldilmişdir ki, bunun da hesabına aqrar sektorda bir sıra yeni təsərrüfat subyektləri yaradılmış, daxili bazarı il boyu meyvə və tərəvəz məhsulları ilə təmin etmək məqsədilə çoxsaylı soyuducu anbar kompleksləri inşa edilmişdir. Bunun nəticəsində də son on ildə kənd təsərrüfatı məhsullarının həcmi 3,3 dəfə artmışdır. Bu da əhalinin güzəranının, maddi rifah halının yaxşılaşması deməkdir.
Yığıncaqda Azərbaycanın Milli Qəhrəmanı Nazim Babayevin anası Laçın xanım şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və rayon rəhbərliyinə dərin təşəkkürünü bildirmişdir. Kənd sakinlərindən Cəmilə Seyidova kəndə qaz verilişi, F1 kanalının təmizlənməsi, Saleh Qurbanov elektrik dirəklərinin dəyişdirilməsini, Etibar İsmayılov kənd yoluna çınqıl döşənməsini, Cankişi İsmayılov Yolüstü tam orta məktəbinin qazlaşdırılması, Elmar Rüstəmov Yolüstü tibb məntəqəsinə qaz sayğacı qoyulması məsələlərini irəli sürmüşlər.
RİH başçısı Tahir Kərimov görüşdə qaldırılan məsələlərə münasibət bildirmiş, onların operativ şəkildə həll olunması üçün aidiyyati təşkilatların rəhbərlərinə konkret tapşırıqlar və tövsiyələr vermişdir.